İranda ABŞ və İsrail xeyrinə casusluq fəaliyyəti ilə məşğul olmaqda günahlandırılan şəxsləri edam cəzası gözləyir.
Oxu.Az-ın SNN telekanalına istinadla verdiyi xəbərə görə, müvafiq xəbərdarlıqla İran İslam Respublikası Ali Məhkəməsinin rəhbəri Qulamhüseyn Möhsəni-Ejei çıxış edib.
"Amerika və İsrailin təcavüzkar hakimiyyətləri ilə işbirliyində olan konkret şəxslərə məxsus əmlakların müsadirəsi və dondurulması ilə bağlı məhkəmə hökmü çıxarılıb. Bu maddədə göstərilən ən ağır cəza isə edamdır. Məhkəmə prosesinin yekununda təqsiri sübuta yetirilənlərə qanun çərçivəsində bu cəza tətbiq olunacaq. Vətəndaşların təhlükəsizliyinə xələl gətirmək istəyən hər kəsə xəbərdarlıq edirik ki, əgər belə bir addım atsalar, ən sərt hüquqi sanksiyalarla qarşılaşacaqlar, heç kimə güzəşt edilməyəcək", - deyə o qeyd edib.
Bununla yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat idarəsi ölkənin şimal-şərq hissəsində yerləşən Rəzəvi Xorasan ostanında casusluq etməkdə şübhəli bilinən 10 vətəndaşın həbs olunduğunu açıqlayıb.
KİV-in yaydığı məlumata görə, həyata keçirilən kəşfiyyat nəzarəti və əməliyyat tədbirləri nəticəsində bir-birini tanımayan 10 muzdlu aşkar edilərək tutulub. Agentlik vurğulayır ki, həbs edilən şəxslər gizli informasiyaları toplayaraq rəqib tərəfə ötürməklə məşğul olublar.
Qeyd edək ki, martın 15-də İranın polis rəhbəri general Reza Radan hüquq-mühafizə qüvvələrinin fevralın 28-dən etibarən düşmən dövlətlərlə əlaqədə şübhəli bilinən 500 nəfərin həbs olunduğunu bəyan etmişdi.