Yamaykanı cənginə alan "Melissa" qasırğası bu ölkədə artıq üç nəfərin ölümünə səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Associated Press" agentliyi yayıb.
Qasırğanın gətirdiyi əlverişsiz hava şəraiti sürüşmələrə və elektrik enerjisinin kəsilməsinə səbəb olub, saysız-hesabsız ağacı kökündən qopardıb.
Bildirilir ki, qasırğa səbəbindən dalğalarının hündürlüyü dörd metrə çata bilər. Adaya düşən yağıntının miqdarı isə 100 santimetri ötə bilər.
"Melissa" qasırğasına Saffir-Simpson şkalası üzrə ən yüksək beşinci kateqoriya verilib. Küləyin sürəti saatda 280 kilometrə çatıb. Proqnozlara görə, "Melissa" bütün meteomüşahidələr tarixində Yamaykaya çatmış ən güclü qasırğa olacaq.
Daha sonra "Melissa" Kubaya üz tutacaq. Qasırğa gözləntisi ilə artıq 600 mindən çox insan təxliyə edilib. Qasırğanın oktyabrın 29-da Baham adalarına çatacağı gözlənilir.
Sürəti saatda təqribən 282 kilometrə çatan güclü küləklə müşayiət olunan "Melissa" qasırğası dünən axşam saatlarında Yamayka sahillərinə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.
ABŞ Milli Mərkəzinin hesablamalarına görə, "Melissa" Saffir-Simpson şkalası üzrə maksimal - beşinci kateqoriyaya çatıb və Yamaykada tarix ərzində ən güclü qasırğa ola bilər.
Proqnozlara görə, "Melissa" oktyabrın 29-na keçən gecə Kubanın şərq hissəsindən, Baham, Terks və Kaykos adaları üzərindən keçəcək.
Yamayka hakimiyyəti əhalini ölkə boyunca yerləşən təxminən 900 sığınacağa təxliyə olunmağa çağırıb. Yamaykanın hər iki beynəlxalq hava limanı bağlanıb.
Baş nazir Endrü Holness paytaxt Kinqstonda və daha altı bölgədə məcburi təxliyə haqqında fərman verib.