Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbi hava qoşunları ən yeni raket sisteminin sınağını müvəffəqiyyətlə başa çatdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Sentyabrın 20-də keçirilən sınaq prosesinə Şimali Koreya lideri Kim Çen In şəxsən nəzarət edib. O bildirib ki, bu addım müdafiə sahəsindəki ən müasir texniki imkanların bariz göstəricisi və silahlı qüvvələrin yenilənməsində mühüm mərhələdir.
Onun sözlərinə görə, bu yeni sistem özündə qarşısıalınmaz qüvvəni ehtiva edir. O əlavə edib ki, bu silah düşmənlər üçün sağalmaz başağrısı, eyni zamanda çox sərt və qaçılmaz zərbə olacaq.
Sınaqdan keçirilən yeni döyüş sisteminin növü və texniki xüsusiyyətləri barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, həmin gün Cənubi Koreya mətbuatı Yapon dənizi istiqamətində ən azı iki raketin buraxıldığı barədə xəbər yaymışdı.