Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Kolumbiyada siyasi böhran: Prezident nazirlərin hamısını istefaya göndərir?](https://images.oxu.az/2025/02/10/l9gkVFcgXLeb54hR7YV3XN5h2KeKWryk3UW1txu6:1200.jpg)
Kolumbiyada siyasi böhran: Prezident nazirlərin hamısını istefaya göndərir?
Kolumbiya Prezidenti Qustavo Petro nazirlərdən və inzibati departamentlərin rəhbərlərindən istefaya getmələrini tələb edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o özünün "X" hesabında yazıb.
"Mən nazirlərin və inzibati departamentlərin rəhbərlərinin rəsmi istefasını tələb etmişəm. Xalq tərəfindən müəyyən edilən proqrama daha çox uyğunlaşmanın əldə olunmasına çatmaq üçün Nazirlər Kabinetində bəzi dəyişikliklər gözlənilir", - deyə Qustavo Petro bildirib.
Petro əlavə edib ki, onun hökuməti ölkənin inkişafı üzrə proqramın həyata keçirilməsinə tam şəkildə diqqətini cəmləyəcək.
Qeyd edək ki, fevralın 5-də Kolumbiyanın daxili işlər naziri Xuan Fernando Kristo fikir ayrılıqları səbəbindən hökumət nazirlərinə istefa vermələrini təklif edib. Bundan əvvəl isə ölkədə Nazirlər Şurasının iclası keçirilib ki, burada, həmçinin hökumətə yeni təyinatlar, o cümlədən Armando Benedettinin Prezident Administrasiyasının rəhbəri, 30 yaşlı Laura Sarabiyanın isə xarici işlər naziri təyin edilməsi müzakirə edilib. Hökumətin bəzi üzvləri, o cümlədən respublikanın vitse-prezidenti Fransiya Markes yeni təyinatlara qarşı çıxıblar. Qustavo Petronun iclası yerli televiziyanın efirində canlı yayımlamaq qərarı isə böhranı kəskinləşdirən əlavə katalizator rolunu oynayıb, çünki bu zaman hökumət üzvləri arasında mövcud ziddiyyətlər ictimaiyyətə məlum olub.
Rəylər