Milyarder İlon Maska məxsus "Boring Company" şirkəti Texas ştatında Ostin və San-Antonio şəhərlərini bir-birinə bağlayacaq yeni tunel layihəsinin inşası üzərində çalışır.
Oxu.Az xəbər verir ki, bu barədə iş adamı özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Hazırda yollardakı tıxaclar səbəbindən bu səfər 2 saat 50 dəqiqəyə qədər vaxt apara bilir. "Boring Company" bu müddəti daimi olaraq 30 dəqiqədən aşağı sala bilər", - deyə İ.Mask yazıb.
Sahibkarın sözlərinə əsasən, tunel "Hyperloop" sisteminin "sələfi" olmalıdır və orada 200 mil/saatdan (təxminən 321 km/saat) çox sürətlə hərəkət etmək mümkün olacaq.
İlon Maskın "Hyperloop" layihəsi maqnit qüvvəsi ilə hərəkət edən kapsullardan ibarət ultra-sürətli nəqliyyat sistemidir. İdeyaya görə, bir-birinə bağlanmış bu kapsullar vakuum borusunun daxilində hərəkət edəcək ki, bu da saatda 1 200 km sürətlə getməyə imkan verəcək.
2023-cü ildə ifrat sürətli nəqliyyatın yaradılması ilə məşğul olan "Hyperloop" şirkəti fəaliyyətini dayandırdı. İdeya həyata keçirilmədi, Mask isə polad borulardan təşkil olunan nəqliyyat sisteminin yaradılması üçün hesablamaları ictimaiyyətə açıq şəkildə yayımladı.
"Bloomberg" nəşrinin qeyd etdiyi kimi, "Boring Company"nin uğurları hələlik məhduddur. Şirkətin ilk sürət tuneli 2018-ci ildə Los-Ancelesin altında istifadəyə verilib. Üç il sonra, 2021-ci ildə Las-Veqas şəhərində doqquz stansiya arasında sərnişin daşımaq üçün "Tesla Model Y" elektromobillərindən istifadə edən "Vegas Loop" tunel sistemi fəaliyyətə başlayıb.
Bu il şirkət Tennessi ştatının Neşvill şəhərində yeni tunel tikintisinə başlayıb, ilin sonuna kimi isə Dubayda analoji layihəyə start verilməlidir. Sentyabrda "Boring Company" BƏƏ-dəki yeraltı nəqliyyat layihələrinin dəstəklənməsinə yönəldiləcəyini bildirdiyi 3 milyard dollar məbləğində investisiya cəlb edib.
Bunlardan əlavə, "Boring Company" Texasın Bastrop şəhərində İlon Maska tabe olan şirkətləri əlaqələndirəcək xüsusi tunellər qazır. Məqsəd "Boring", "SpaceX", "Tesla" və "X" platformasının işçiləri üçün bu mərkəzlər arasında sürətli və maneəsiz hərəkəti təmin etməkdir.