Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

NYT: "ABŞ hökuməti İranın zənginləşdirilmiş uranı hara köçürdüyünü tapa bilmir"
ABŞ-nin ali rəhbərliyi İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra zənginləşdirilmiş uran ehtiyatlarını hara köçürdüyünü bilmir.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The New York Times" öz mənbələrinə istinadla xəbər verib.
Bildirilib ki, nə ABŞ-nin vitse-prezidenti Cey Di Vens, nə də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi 60%-ə qədər zənginləşdirilmiş 400 kiloqram İran uranının hazırkı yerləşmə yeri barədə məlumata sahibdir.
Qeyd edilib ki, ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücumlar ölkənin nüvə proqramının inkişafını 2-5 il geriyə sala bilər.
Xatırladaq ki, 22 iyun gecəsi ABŞ Prezidenti Donald Tramp İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektinə qarşı uğurlu hücum həyata keçirdiklərini açıqlayıb. Trampın sözlərinə görə, Tehran münaqişənin dayandırılması üçün razılığa gəlməlidir.
Qeyd edək ki, iyunun 13-dən etibarən İsrail İranın nüvə proqramına qarşı yönəlmiş əməliyyat çərçivəsində ölkəyə hər gün hava zərbələri endirir. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər.