Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri İran limanlarına tətbiq edilən dəniz blokadasını keçməyə çalışan Panama bayrağı altında üzən gəmini hədəfə alıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The Wall Street Journal" nəşri ABŞ-li məmura istinadən yayımlayıb.
Nəşrin mənbəyinin sözlərinə görə, gəminin ekipajı xəbərdarlıqlara əhəmiyyət vermədiyi üçün ABŞ hərbi helikopteri atəş açıb və nəticədə gəminin sükan mexanizmi zədələnib.
Qəzet yazır ki, xəsarət alanlar haqqında hər hansı məlumat daxil olmayıb. Həmçinin qeyd edilib ki, insidentdən sonra ekipajın digər mülki gəmiyə təxliyə olunmağa çalışdığı güman edilir.
Eyni zamanda, dəniz risklərinin idarə olunması üzrə ixtisaslaşan Britaniyanın "Vanguard" təşkilatı və dəniz təhlükəsizliyi sahəsindən olan mənbə "Reuters"ə açıqlamasında Panama bayraqlı "Vela Nova" konteyner gəmisinin Oman körfəzində raket zərbəsinə məruz qaldığını təsdiqləyib.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi faktı təsdiqləyib.