Qan Turalı yazır...
Cənubi Asiyada yenidən silah səsləri eşidildi. Son qırx ildə bu regionda silahlar susmur. Söhbət Pakistan və Əfqanıstan arasında baş verən silahlı toqquşmadan gedir.
Əfqanıstan 58 pakistanlı hərbçinin öldürüldüyünü iddia etsə də Pakistan bu rəqəmin 23 olduğunu bildirir. Pakistan isə öz növbəsində 200-dən artıq əfqan döyüşçünün həlak olduğunu qeyd edir. Əfqanıstan ölən hərbçilərinin sayının 9 olduğunu vurğulayır. Həmişəki kimi, rəqəmlər düz gəlmir. Ancaq hər bir halda onlarla hərbçinin öldürüldüyü həqiqətdir.
Əsas məsələ isə münaqişənin səbəbləridir. Belə ki, tərəflər münaqişənin səbəbsiz olduğunu qeyd etsələr də bizə sadə bir həqiqət çoxdan məlumdur: Səbəbsiz heç nə olmur!
Taliban hökumətinin xarici işlər naziri Hindistan paytaxtında keçirdiyi mətbuat konfransında Pakistan xalqı və hökuməti ilə heç bir ədavətlərinin olmadığını bildirib: "Pakistanda sabitliyi pozmaq istəyən bəzi qruplar var. Əfqanıstanın da öz sərhədlərini və ərazisini qorumaq hüququ var. Buna görə də Pakistanın hücumuna cavab vermişik".

ABŞ Əfqanıstana hərbi müdaxilə etdiyi dövrlərdə Taliban Pakistanın qərb əyalətlərində yerləşirdi. Taliban sözü də əsasən Pakistanda dini mədrəsələrdə təhsil alan tələbələri ifadə etmək üçün istifadə olunurdu. Talibanın mənası da "tələbələr" deməkdir.
Bəs onda səbəb nədir? Bu sualın üç hərfdən ibarət bir cavabı var: TTP. Abreviaturanın açılışı isə belədir: Təhriki-Talibanı-Pakistan. Başqa sözlə desək, Pakistan Talibanı.
Pakistan uzun müddətdir ki, Əfqanıstanı TTP-ni dəstəkləməkdə ittiham edir. TTP-nin məqsədi isə Pakistanda da Taliban rejimi, başqa sözlə desək şəriət rejimi qurmaqdır. Pakistan isə dini və dünyəvi sistemin özünəməxsus şəkildə birləşdiyi bir sistemlə idarə olunur. Belə ki, dövlət dünyəvi dövlətdir, ancaq qanunlar şəriətə zidd ola bilməz.
Əfqanıstanın Pakistan sərhədində aktiv olan TTP-nin əsas hədəfi Pakistan Silahlı Qüvvələridir. Pakistan dövləti də bu təşkilatı "Xaricilərin fitnəsi" (Söhbət islam dininin ilk məzhəbi olan xaricilərdən gedir - Q.T.) adlandırır.
Talibanın ABŞ-yə qarşı mübarizəsində müttəfiqi olan TTP bu müttəfiqliyə baxmayaraq müstəqil bir təşkilat kimi mövcuddur. Pakistan Talibanı Pakistanda yerləşən islamçı və cihadçı qrupların koalisiyasını təşkil edir. Qrup özündə cihadçı və puştum millətçiliyini birləşdirir.
Pakistan Talibanı əsasən puştun millətinə mənsub olan insanlardan ibarətdir. Puştunlar da məlum olduğu kimi Əfqanıstan əhalisinin əsas hissəsini təşkil edirlər. Taliban Pakistanı isə Əfqanıstanın qeyri-puştun xalqlarına, əsasən isə şiə həzaralara qarşı terror aktları həyata keçirir. Taliban Pakistanının Əl-Qaidə və İŞİD ilə də əlaqələri mövcuddur. ABŞ Taliban Pakistanını terror təşkilatı kimi tanıyır. Təşkilatın qurucusu Beytullah Məsud 2009-cu ildə ABŞ-nin PUA hücumu ilə qətlə yetirilib.
TTP ABŞ-yə cavab olaraq 2010-cu ildə Nyu-Yorkun məşhur Tamys meydanında terror aktına cəhd etsə də buna nail ola bilməmişdi. Terrorçu qrupun Barselona şəhərində planlaşdırdığı terror aktının da qarşısı İspaniyanın hüquq-mühafizə orqanları tərəfindən alınmışdı.
Taliban Əfqanıstanda hakimiyyəti ələ aldığı gündən etibarən Pakistan hökuməti onlardan Taliban Pakistanına qarşı sərt addımlar atmağı tələb etsə də onlar bu sahədə həvəssiz davranırlar. Ancaq Əfqanıstan hökumətinin vasitəçiliyi ilə Pakistan və Pakistan Talibanı arasında görüşlər keçirilib, atəşkəs əldə olunub. Atəşkəs müqabilində Pakistan həbs etdiyi TTB döyüşçülərini azad edib. Ancaq atəşkəs başa çatdıqdan sonra cihadçılar Əfqanıstandakı postlarından çıxaraq yenidən Pakistana qarşı hücumlara başlayıblar.
Həftəsonu baş verən hərbi münaqişə də Pakistanın Taliban Pakistanının postlarını bombalaması ilə başlandı. Əfqanıstan isə bu hücumlara ağır artilleriya ilə cavab verdi. Pakistan Talibanının üzvlərinin də əfqan hökumət döyüşçüləri ilə birlikdə vuruşduğu qeyd olunur.
Göründüyü kimi, Pakistanın bir dövlət kimi öz ərazisini xarici hücumlardan qorumaq istəyi qısamüddətli qarşıdurmanın əsas səbəbidir. Əfqanıstan hökuməti münaqişəni həll etmək üçün keçmiş müttəfiqləri ilə hər cür əlaqəni kəsməli, ya da onları diplomatik yolla neytrallaşdırmalıdır. Proseslərin indiki dövründə isə bu mümkünsüz görünür.