Misir-Fransa arxeoloji missiyası Qahirədəki Səlahəddin qalası yaxınlığında Məmlük dövrünə aid mürəkkəb su təchizatı sistemi və məscid qalıqları aşkar edib.
Oxu.Az "Ahram Online" portalına istinadən xəbər verir ki, bu abidələr orta əsr qalasının sakinlərinin həyatı və məişəti barədə yeni məlumatlar təqdim edir.
Misirin Qədim Abidələr üzrə Ali Şurası (SCA) və Fransa Şərq Arxeologiyası İnstitutunun (IFAO) birgə layihəsi çərçivəsində həyata keçirilən missiya Ərəb əl-Yasar və əl-Həttaba rayonlarında qazıntılar aparıb.
Ərəb əl-Yasar ərazisində aparılan qazıntılar zamanı suyu qalanın zirvəsinə qaldıran su çarxları sisteminə bağlı olan, təxminən 10 metr diametrində və səkkiz metr dərinliyində iki böyük daş quyu aşkar edilib.
Qalaya su daşıyan geniş daş kanallar şəbəkəsinin yaxınlığında dörd su çarxının qalıqları da tapılıb. Bu kəşflər ilk dəfə olaraq su kəmərinin hidravlik sisteminin son mərhələsinə dair məlumatlar ortaya qoyur.
Qazıntılar zamanı su qurğularının istismarı ilə əlaqəli infrastruktur da üzə çıxarılıb. Buraya heyvan izləri, tövlələr, yem saxlama sahələri, su hövzələri və daş döşənmiş daxili səthlər daxildir.
Yaxınlıqdakı əl-Həttaba rayonunda isə arxeoloqlar Məmlük dövrünə aid məscid qalıqları aşkar ediblər. Burada məscidlə əlaqəli dəfn otağı və müxtəlif İslam dövrlərinə aid bir neçə məzar da tapılıb.
Aşkarlanan artefaktlar arasında su qaldırma mexanizmlərində istifadə olunan keramika elementləri, həmçinin Məmlük və Osmanlı dövrlərinə aid sikkələr yer alır.
Tədqiqatçılar bildiriblər ki, qərb istiqamətində hökumət tövlələrinə doğru uzanan su kanalı Qala ətrafındakı gündəlik həyatın və məişətin yenidən qiymətləndirilməsinə kömək edə bilər.