Qətər İranın raket zərbələri ilə bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə əmirliyin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.
"Nazirlik vurğulayır ki, Qətər Dövləti beynəlxalq hüququn müddəalarına və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq cavab vermək, habelə öz suverenliyini, təhlükəsizliyini, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu tam şəkildə özündə saxlayır", - deyə bəyanatda qeyd olunur.
Qurumdan vurğulanıb ki, Doha bu hücumlara və onların fəsadlarına görə tam hüquqi məsuliyyəti Tehranın üzərinə qoyur. XİN, həmçinin İordaniya, BƏƏ, Bəhreyn, Oman və Küveyt ərazisinə endirilən zərbələri qətiyyətlə pisləyərək İranın əməllərini "suverenliyin və mehriban qonşuluq prinsiplərinin kobud şəkildə pozulması" adlandırıb.
Xatırladaq ki, iyulun 12-də Bəhreyn, Qətər, Küveyt, BƏƏ və Omanda raket və pilotsuz uçuş aparatlarından istifadə olunmaqla hava hücumları qeydə alınıb. Qətər ərazisi üzərində raket hücumu dəf edilib, zərərsizləşdirilən hədəflərin qəlpələrinin düşməsi nəticəsində üç nəfər, o cümlədən bir uşaq xəsarət alıb.