Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"ROKETSAN"ın baş direktoru: "Azərbaycan Silahlı Qüvvələrinin zərbə gücü "Teber"lə artacaq"
"Azərbaycan Silahlı Qüvvələrinin zərbə gücünün təkcə "Su-25" ilə deyil, həmçinin "AKINCI" platformasından "Teber" sursatlarının istifadəsi ilə də əhəmiyyətli dərəcədə artacağını düşünürəm".
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu sözləri Azərbaycanın paytaxtı Bakıda keçirilən V Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2024) iştirak edən Türkiyənin "ROKETSAN" şirkətinin baş direktoru Murat İkinci deyib.
Murat İkinci Azərbaycan və Türkiyə arasında işgüzar əməkdaşlığın artırılması üçün "ROKETSAN"ın əlindən gələni etdiyinə diqqət çəkərək, sərginin işgüzar əməkdaşlığa ciddi töhfə verdiyini bildirib.
O, Azərbaycanla olan işgüzar əməkdaşlıqların getdikcə artmasının onlar üçün çox sevindirici bir hadisə olduğunu vurğulayıb.
"Azərbaycan ordusu hazırda "ROKETSAN"ın məhsullarından uğurla istifadə edir. Bu istifadə olunan məhsullarla yanaşı, Türkiyə Silahlı Qüvvələri üçün hazırladığımız bir çox məhsulların da Azərbaycanda birgə istifadə olunması üçün əlimizdən gələni edirik. Bu məsələdə Azərbaycan tərəfindən ciddi dəstək var. Türkiyə Silahlı Qüvvələrinin uğurla istifadə etdiyi raket sistemlərinin Azərbaycan tərəfindən də istifadəsini görmək bizim üçün çox dəyərlidir", - deyə İkinci bildirib.
O, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin istifadə etdiyi Türkiyə istehsalı olan məhsullar haqqında da ətraflı məlumat verib.
"Azərbaycan Silahlı Qüvvələri PUA-larımızla yanaşı, MAM seriyasından olan bir çox ağıllı sursatımızdan da istifadə edir. Eyni zamanda "Su-25" təyyarələrinin modernizasiyası çərçivəsində bələdçi dəstimiz olan "Teber"in uğurlu şəkildə buraxılışı həyata keçirilib. Bunların inteqrasiyası tamamlanmaq üzrədir. Ballistik raket sistemləri baxımından 230 sistemləri hazırda Azərbaycan tərəfindən uğurla istifadə edilən sistemlərdir. Xüsusilə PUA-larda istifadə edilən "Çakır" kimi qanadlı raketlərlə bağlı da yaxın gələcəkdə irəliləyişlər olacağını gözləyirik", - deyə İkinci əlavə edib.
"Teber"lə bağlı Azərbaycan tərəfindən ciddi tələbat olduğuna diqqət çəkən Murat İkinci tədarüklərin də mərhələli şəkildə davam edəcəyini qeyd edib.
"Düşünürəm ki, Azərbaycan Silahlı Qüvvələrinin zərbə gücü təkcə "Su-25"lə deyil, həmçinin "AKINCI" platformasından "Teber" sursatlarının istifadəsi ilə də əhəmiyyətli dərəcədə artacaq. "AKINCI" və "Su-25" platformasına inteqrasiya olunan "ROKETSAN"ın digər məhsulları da müştərək olaraq bu bölgədə istifadəyə veriləcək", - deyə o bildirib.
İkinci eyni zamanda "SOM" qanadlı raketi ilə bağlı da sevindirici irəliləyişlərin olduğunu nəzərə çatdırıb.
"SOM" raketi də tədarük edildikdən sonra Azərbaycan tərəfindən uğurla istifadə edilən sursatlar sırasına daxil olacaq. Həm "Su-25" platformasından, həm də "AKINCI" platformasından atıla biləcək. "SOM" raketinin bu mənada Azərbaycan ordusunun gücünə ciddi bir multiplikativ təsir göstərəcəyini düşünürük", - deyə o vurğulayıb.
İkincinin sözlərinə görə, qanadlı raketlər sahəsində "Çakır"ın inteqrasiyası da olduqca əhəmiyyət kəsb edir.
"Xüsusilə "AKINCI" platformasında istifadə ediləcək "Çakır" qanadlı raketi 150 kilometrə qədər olan məsafədə hava hücumundan müdafiə sistemlərinə qarşı çox effektiv bir zərbə gücünə malikdir. Hesab edirik ki, Azərbaycan ordusu da bundan əhəmiyyətli dərəcədə fayda əldə edəcək", - deyə o qeyd edib.
Rəylər