Rusiyanın Yekaterinburq şəhərində "Lamborghini Huracan Tecnica" markalı avtomobil yaşayış binasına çırpılıb.
Oxu.Az bildirir ki, bu barədə TASS-a Sverdlovsk vilayətinin Dövlət Avtomobil Müfəttişliyindən məlumat verilib.
Avtomobil Müfəttişliyinin ilkin məlumatına görə, sürücü idarəetməni itirib. Müfəttişliyin əməkdaşları yol-nəqliyyat hadisəsinin təfərrüatını araşdırırlar.
Bildirilir ki, sükan arxasında "Rus Mis Şirkəti"nin təsisçisi İqor Altuşkinin oğlu David olub. "Forbes" İqor Altuşkinin sərvətini 4,9 milyard dollar həcmində qiymətləndirir.
Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlardan biri Yekaterinburqda müalicə olunan Ukrayna müharibəsinin iştirakçısı Timur Xəlilovdur. Qəza anında hər iki şəxs binanın pilləkənində əyləşibmiş.
"Lamborghini Huracan Tecnica" markalı avtomobilin Rusiya bazarında qiyməti 36-48 milyon rubl (təqribən 783-989 min manat - red.) təşkil edir.