Bəzi Azərbaycan KİV-ləri Dağıstan Respublikasının Federal Miqrasiya Xidməti idarəsi tərəfindən 300-dən artıq azərbaycanlının saxlanılması ilə bağlı məlumat yayıb.
Oxu.Az xəbər verir ki, səfirlikdən APA-nın Moskva müxbirinə verilən məlumata görə, məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi Rusiyanın aidiyyatı qurumlarına müraciət edib.
Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin məlumatına görə, həqiqətən də cari ilin 9 fevral tarixində Dağıstan Respublikasının Federal Miqrasiya Xidməti Dərbənd şəhərindəki tikinti obyektlərində həyata keçirdiyi reydlər nəticəsində Rusiya ərazisində yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələri olmayan 185 nəfər saxlanılıb.
Saxlanılan şəxslərin sayı çox olduğundan, onlar lazımi yoxlama müddətinə idman zalında yerləşdiriliblər. Fevralın 10-da zəruri rəsmiyyət və müvafiq prosedurlar aparıldıqdan sonra bütün saxlanılanlar sərbəst buraxılıblar.
Bu gün saat 16:00-da “Dərbənd şəhəri” şəhər dairəsinin başçısı Malik Baqliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə telefon danışığı zamanı yuxarıda qeyd olunan məlumatı şəxsən təsdiq edib. Həmçinin, o vurğulayıb ki, hazırda Dərbənddə saxlanılmış bir Azərbaycan Respublikasının vətəndaşı belə yoxdur.
S.B.
www.oxu.az