Şimali Koreya hərbçiləri patrul xidməti zamanı qısa müddətə Cənubi Koreya ilə sərhədi keçiblər və xəbərdarlıq atəşindən sonra öz ərazilərinə qayıdıblar.
Oxu.Az bildirir ki, bu barədə "Yonhap" agentliyi Cənuib Koreya Silahlı Qüvvələrinə istinadən xəbər verib.
İnsident bu həftə yarımadanın şərq hissəsində baş verib. Məlumata görə, 2026-cı ildə belə bir hal ilk dəfədir ki, qeydə alınıb.
Seul Şimali Koreya hərbçilərinin ərazidə patrul xidməti apararkən sərhəd xəttini keçdiyini ehtimal edib. Əsgərlər öz ərazilərinə qayıtdıqdan sonra Cənubi Koreya ordusu "qeyri-adi fəallıq" müşahidə etməyib.
Qeyd edək ki, 2025-ci ildə Seul Şimali Koreya hərbçilərinin hərbi demarkasiya xəttini 17 dəfə keçdiyi barədə məlumat vermişdi. 2023-cü ilin sonunda Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı düşmən dövlət adlandırıb, bundan sonra sərhədin möhkəmləndirilməsi işlərinə başlanılıb.