Malayziya müsəlman təşkilatlarının nümayəndələri şirniyyat istehsal edən Britaniya şirkəti Cadbury-nin məmulatlarında donuz DNT-si aşkar etdikdən sonra, şirkəti mühakimə edərək, ona qarşı cihada çağırıblar.
“Onlar öz məmulatlarına haram saydığımız qidanı qataraq bizə xəyanət ediblər” – deyə Perkasa Selangor müsəlman qrupunun nümayəndəsi Əbu Bəkər Yəhya bəyan edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, müsəlman təşkilatlarından bəziləri “xəyanətə görə” şirkətə qarşı cihad elan etməyə belə çağırıb.
Belə ki, Malayziya Müsəlman İstehlakçıları Assosiasiyasının prezidenti Nadzim Yohan Cadbury-nin istehsal etdiyi bütün mallardan imtina etməyə çağırıb.
Müsəlmanların hüquqları üzrə digər təşkilatın prezidenti Ustaz Masridi bəyan edib ki, şokoladında donuz DNT-si aşkar edilən Britaniya nəhənginin məqsədi Malayziyada islam tərəfdaşlarının imanını zəiflətməkdir.
Bu yaxınlarda ölkənin Səhiyyə Nazirliyi elan edib ki, Cadbury şirkətinin məhsullarında halal normalarına uyğunluq üzrə ənənəvi yoxlama zamanı donuz DNT-si aşkar edilib.
Cadbury şirkətinin Malayziya şöbəsində bildiriblər ki, donuz yağı iki növ şokoladda - Cadbury Dairy Milk fındıqlı və Cadbury Dairy Milk qovrulmuş badamla olan şokoladda aşkar edilib.
Ölkənin səhiyyə naziri Subramanyam Satasivam jurnalistlərə bəyan edib ki, nazirlik və şirkətin nümayəndələri bu insidentin araşdırılması ilə məşğul olurlar.