Biz hər zaman hekayələrə "Batman"ın, Ceyms Bondun, Con Snovun, Basatın gözü ilə baxmışıq. Heç vaxt bizə hadisələrə "Joker"in, "Təpəgöz"ün və ya Norman Beytsin gözü ilə baxmaq təlqin edilməyib. Buna görə hər zaman filmlərdə, nağıllarda ağ və qara axtarmışıq. Müasir kinematoqrafiya bu qəlibləri müəyyən mənada sındırdı. Çox sevdiyim "Breaking Bad" serialı isə insanın şəraitdən asılı olaraq həm qəhrəmana, həm də caniyə çevrilə biləcəyini mükəmməl göstərir.
Yox, hələ futbol mövzusundan çıxmamışam. Dünya çempionatının bitməyini gözləyirəm, gündəmimdə futboldur. Bu dəfə futbolla mövzuya başlamasam da, sözümün canına gəlirəm. Maradonanın məşhur "Tanrının əli" qolu argentinalılar üçün qəhrəmanlıq, ingilislər üçün isə oğurluq simvoluna çevrildi. İllərdir bu qola hekayələr yazılır, haqqında danışılır. Düzdür, Maradona özlüyündə fenomenal bir şəxsiyyətdir. Ona "Futbolun Çe-si" də demək olar. Çünki o, meydanda da, meydandan kənarda da həmişə sistemə qarşı çıxan, üsyankar obraz yaradıb. Amma həmin qola haqq qazandıranlar onu dörd il əvvəl baş vermiş Folklend müharibəsinin simvolik qisası kimi qiymətləndirirlər.
Futbolda elə qarşılaşmalar var ki, onların nəticəsi turnir cədvəlindən daha böyük məna daşıyır. Elə oyunlar var ki, fit səslənən anda meydanda təkcə 22 futbolçu olmur. Orada tarix, siyasət, milli qürur, kollektiv yaddaş və milyonlarla insanın hissləri də mübarizə aparır. İngiltərə - Argentina qarşıdurması məhz belə matçlardandır.
1982-ci ildə Cənubi Atlantik okeanında yerləşən Folklend adaları (Argentinada Malvin adaları kimi tanınır) uğrunda başlayan müharibə cəmi 74 gün davam etdi. Argentina hərbi xuntası adaları nəzarətə götürsə də, Böyük Britaniya genişmiqyaslı hərbi əməliyyatlarla onları geri qaytardı. Müharibə Britaniyanın qələbəsi ilə başa çatdı. Rəsmi rəqəmlərə görə, 649 argentinalı, 255 britaniyalı hərbçi və üç mülki şəxs həyatını itirdi.
Müharibə bitdi. Amma İngiltərə ilə Argentina arasındakı savaşın başqa cəbhəsi açıldı - futbol meydanı. İki ölkə arasında keçirilən hər oyun artıq sadəcə idman yarışı deyil, milli qürur məsələsinə çevrildi.
Əslində bu rəqabətin ilk qığılcımları Folklend müharibəsindən də əvvəl yaranmışdı. 1966-cı il dünya çempionatının dörddəbir finalında Argentina kapitanı Antonio Rattinin mübahisəli şəkildə meydandan qovulması və uzun müddət meydanı tərk etməkdən imtina etməsi böyük qalmaqala səbəb olmuşdu. İngiltərə baş məşqçisi Alf Ramsey matçdan sonra argentinalıları sərt ifadələrlə tənqid etmiş, bu hadisə iki ölkə arasında uzunmüddətli idman düşmənçiliyinin əsasını qoymuşdu. Eyni zamanda bu matç futbolda qırmızı və sarı kart ideyasının yaranmasına da səbəb olmuşdu. Hətta ingilis futbolçu Bobbi Çarlton xəbərdarlıq aldığını yalnız ertəsi gün qəzetdən öyrənmişdi. Bu kimi anlaşılmazlıqlar ingilis hakim Ken Astonu yeni sistem üzərində düşünməyə vadar etdi. O da yol hərəkəti işıqforundan ilham alaraq sarı və qırmızı kart ideyasını irəli sürdü.
Lakin bu rəqabəti əbədiləşdirən hadisə 1986-cı ilin Meksika mundialında yaşandı. Folklend müharibəsindən cəmi dörd il keçmişdi. Dünyanın gözü qarşısında Dieqo Maradona futbol tarixinin ən məşhur iki qolunu eyni oyunda vurdu. Birincisi hamının bildiyi "Tanrının əli" idi. Hakimin görmədiyi qayda pozuntusu ilə vurulan qol bu gün də futbol tarixinin ən mübahisəli epizodu hesab olunur. Maradona isə sonradan bunun "bir az Maradonanın başı, bir az da Tanrının əli" ilə vurulduğunu deyərək futbolun ən məşhur ifadələrindən birini yaratdı.
Ancaq həmin oyunu ölümsüzləşdirən ikinci qol oldu. Maradona meydanın öz yarısından topu götürərək beş ingilis futbolçusunu və qapıçını keçdi, sonra isə topu qapıya göndərdi. FİFA bu qolu sonradan "Əsrin qolu" seçdi. Argentina 2:1 qalib gəldi, daha sonra dünya çempionu oldu. Maradona illər sonra həmin qələbəni Folklend müharibəsində həlak olan argentinalılar üçün mənəvi təsəlli kimi qiymətləndirdi və bunu "Malvinlər uğrunda məğlub olanlara simvolik cavab" adlandırdı.
Rəqabət bununla bitmədi. 1998-ci ildə Fransada keçirilən dünya çempionatında İngiltərə və Argentina yenidən üz-üzə gəldi. Bu dəfə dramatik hadisənin mərkəzində gənc Devid Bekhem idi. Dieqo Simeonenin təxribatına cavab olaraq ayağını qaldıran Bekhem qırmızı vərəqə aldı. İngiltərə uzun müddət on nəfərlə mübarizə apardı və penaltilər seriyasında məğlub oldu. Bekhem isə ölkəsində xəyanətkar elan edildi, aylarla media və azarkeşlərin ağır tənqidlərinə məruz qaldı.
Dörd il sonra taleyin qəribə oyunu yaşandı. 2002-ci il dünya çempionatında İngiltərə yenidən Argentina ilə qarşılaşdı. Bu dəfə qələbə qolunu penalti nöqtəsindən məhz Devid Bekhem vurdu. O, həm komandasına vacib qələbə qazandırdı, həm də dörd il əvvəl yaşadığı travmanın simvolik intiqamını aldı. Həmin oyunda zəif çıxışı ilə yadda qalan argentinalı Xuan Sebastian Veron isə sonradan ölkəsində istehzalı şəkildə "ingilis" ləqəbi ilə çağırılmağa başladı.
İngiltərə ilə Argentina dünya çempionatlarında cəmi beş dəfə qarşılaşıb. Amma bu beş oyunun yaratdığı hekayələr onlarla adi matçdan daha çox yadda qalıb. "Tanrının əli", "Əsrin qolu", Bekhemin qırmızı vərəqəsi, penalti dramı və şəxsi intiqam hekayəsi... Dünyada az rəqabət tapılar ki, bu qədər simvolik anı özündə birləşdirsin.
İndi isə tarix növbəti dəfə onları üz-üzə gətirir. Dünya çempionatının yarımfinalında İngiltərə və Argentina yenidən qarşılaşacaq. Aradan onilliklər keçsə də, formalar dəyişsə də, futbolçular yenilənsə də, bu qarşıdurmanın ruhu dəyişmir.
Çünki İngiltərə - Argentina oyunu heç vaxt sadəcə futbol olmayıb. Tarixin qəribə tərəfi budur: eyni hadisədə hər xalq öz Batmanını və öz Jokerini yaradır.