Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yanukoviçin keçmiş müşavirinin qətli mütəşəkkil cinayətlə əlaqəli ola bilər
Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri Andrey Portnovun İspaniyada qətlə yetirilməsi mütəşəkkil cinayətlə əlaqəli ola bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABC qəzeti İspaniya kəşfiyyatındakı mənbələrə istinadən yazıb.
Onlar hesab edirlər ki, cinayətin siyasi motivli olması ehtimalı azdır. Nəşrin mənbələri bunun "mütəşəkkil cinayətkarlar tərəfindən ya iqtisadi səbəblərdən, ya da qisas məqsədi ilə törədilmiş qətl" olduğuna inanmağa meyillidirlər.
"Bu o demək deyil ki, qatillər ukraynalı deyillər, lakin hazırda bu hadisələrdə siyasi motiv nəzərə çarpmır. Hazırda Kiyev Ukrayna hüdudlarından kənarda edam icra edə bilməz, çünki bu, İspaniya ilə böyük diplomatik münaqişəyə səbəb olardı", - deyə onlar əlavə ediblər.
ABC-nin versiyasına görə, Portnov 2024-cü ilin aprelində İspaniyada məskunlaşıb. O, mayın 21-də səhər saatlarında Posuelo-de-Alarkon yaşayış məntəqəsində (Madridin muxtar icması) məktəbin yaxınlığında güllələnib. Qəzet yazır ki, cinayətkarın sayı ən azı iki-üç olub, baxmayaraq ki, polis onların ortaqlarının olmasını da istisna etmir.
Hələlik hüquq-mühafizə orqanları bu iş üzrə hər hansı saxlanılanın olması barədə məlumat verməyiblər.