Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndəki "Ənsar Allah" (husilər) hərəkatının ehtiyat yeraltı yanacaq anbarlarına və yanacaq daşınması üçün istifadə olunan xüsusi körpülərə genişmiqyaslı zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Turki əl-Maliki "X" sosial şəbəkəsində məlumat verib.
Bildirilib ki, əməliyyat zamanı Damar, Səna və Əl-Xudeydə əyalətlərində yerləşən ehtiyat yeraltı anbarlar, yanacaq rezervuarları və yanacaq daşınması üçün istifadə olunan körpülər, eləcə də Yəmənin paytaxtı Sənanın Əs-Sabaha rayonundakı mərkəzi paylayıcı stansiya hədəfə alınıb.
Məlumata görə, husilər bu obyektlərdən Səudiyyə Ərəbistanının təhlükəsizliyinə və Qırmızı dənizdə kommersiya gəmiçiliyinə təhdid yaradan raket və pilotsuz uçuş aparatları (PUA) arsenalını bərpa etmək üçün istifadə ediblər.
Səudiyyə Ərəbistanının hərbi aviasiyası Yəmənin paytaxtı Səna şəhərinin qərbində husilərin nəzarətində olan neft anbarına üç hava zərbəsi endirib.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarındakı mənbə məlumat verib.
Qeyd edək ki, husilər "Ənsar Allah" hərəkatının üzvləridir.
Daha əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası "genişmiqyaslı hərbi əməliyyat"la əlaqədar mülki əhalini Səna şəhərinin Əs-Sabaha rayonunda yerləşən Yəmən Neft Şirkətinin obyektini təcili tərk etməyə çağırıb.