Dünən Muzey Mərkəzinin sərgi-qalereyasında Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü, Əməkdar artist Bəhram Bağırzadənin əsərlərindən ibarət “Art in Boxes 2” adlı sərgi açılıb.
Oxu.Az xəbər verir ki, yanvarın 31-dək davam edəcək sərgidə sənətkarın 111 əl işi nümayiş etdirilib.
Sərginin Avstriya və Belçikada da nümayiş etdirilməsi planlaşdırılır.
“Neftçi”nin Müşahidə Şurasının sabiq üzvü olan Bəhram Bağırzadənin sərgisində futbola dair əl işlərinə də rast gəlinir. Sərgidəki Azərbaycan Yazıçılar Birliyinin katibi, “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev və həmin komandanın mərhum futbolçusu Anatoli Banişevskinin şəkilləri bu silsilədəndir.
Qeyd edək ki, Şən və Hazırcavablar Klubunun üzvü olan Bəhram Bağırzadə həm də fotoqraf-rəssam kimi tanınır. O, artıq 10 ilə yaxındır ki, Bakının yüz il bundan öncə çəkilmiş şəkillərindən ibarət kolleksiya toplayır. İxtisasca teatr rejissoru olan B.Bağırzadə 1992-ci ildən karikatura çəkir.
Bu, Bəhram Bağırzadənin sayca ikinci sərgisidir.
S.T.
www.oxu.az