Beynəlxalq Atıcılıq İdmanı Federasiyası bu il üçün Azərbaycana iki yarış salıb.
Oxu.Az-ın xəbərinə görə, bu il 21 iyun - 2 iyul tarixlərində Bakıda güllə (tüfəng və tapança) və stend atıcılığı üzrə Dünya Kubokunun bir mərhələsi – beşincisi keçiriləcək.
Qeyd edək ki, ötən il 22 iyun - 3 iyul tarixlərində Dünya Kuboku Bakıda baş tutmalı olsa da, pandemiyaya görə 2021-ci ilə keçirilib.
Dünya Kubokunun digər mərhələləri Misirin paytaxtı Qahirədə (22 fevral - 5 mart), Hindistanın Yeni Dehli şəhərində (18-29 mart), Koreyanın Çanqvon şəhərində (16-27 aprel) və İtaliyanın Lonato şəhərində (7-17 may) baş tutacaq.
Dünya Kubokunun final mərhələsi olan Çempionlar Kuboku da Bakıya salınıb. Bu yarış 18-24 oktyabr tarixlərində keçiriləcək.
Onu da bildirək ki, daha əvvəl də güllə və stend atıcılığı üzrə Dünya Kubokunun mərhələ və final yarışları Azərbaycanda keçirilib.
2014-cü ildə Qəbələdə Dünya Kubokunun final, 2015-ci ildə Qəbələdə dördüncü, 2016-cı ildə Bakıda dördüncü və 2017-ci ildə Qəbələdə üçüncü mərhələlər (tək güllə atıcılığı üzrə) baş tutub. Göründüyü kimi, 2021-ci ildə ilk dəfə Azərbaycanda Dünya Kubokunun iki yarışı baş tutacaq.
Səbuhi Musayev