Qrup mərhələsinin sonuncu turunda Portuqaliya yığması Qana millisinə 2:1 hesabı ilə qalib gəldi.
Oxu.Az xəbər verir ki, oyunda hesab 31-ci dəqiqədə açıldı. Qanalı müdafiəçi Con Boye avtoqolla yadda qaldı.
57-ci dəqiqədə Asamoa Qyan sol cinahdan ötürülmüş topu başla dəqiq tamamlayaraq oyunda bərabərliyi bərpa etdi.
Portuqaliyalıların qələbə topunu isə oyunun 80-ci dəqiqəsində qanalı qapıçının kobud səhvindən sonra komandanın kapitanı Kriştianu Ronaldo vurdu.
Paralel keçirilən oyunda isə Almaniya yığması minimal hesabla ABŞ-ı məğlub etdi.
Amerikalıların qapısından yeganə qolu oyunun 55-ci dəqiqəsində Tomas Müller keçirdi.
Beləliklə, qələbədən sonra Almaniya aktivindəki xalları 7-ə çatdıraraq pley-offa ilk pillədən qatılır, məğlubiyyətə baxmayaraq ABŞ yığması da mübarizəni davam etdirir. Belə ki, portuqaliyalılarla eyni xala malik olan komanda (hər iki komandanın aktivində 4 xal var), onları top fərqində üstələyir. Portuqaliyalıların ilk görüşdə Almaniyaya böyük hesabla məğlub olması onlara baha başa gəldi.