Serbiyanın paytaxtı Belqradda keçirilən U-23-lərin dünya çempionatında 3 medal qazanan yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb.
Oxu.Az xəbər verir ki, 1 qızıl və 2 bürünc medalla analoji yarışlarda ən uğurlu nəticəsinə imza atan klassik güləş üzrə yığmamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, güləşçilər və idmançıların yaxınları qarşılayıb.
Federasiyanın vitse-prezidenti Elçin Cəfərov komandanın çıxışını dəyərləndirib:
“Həsrət Cəfərov (67 kq) dünya çempionu oldu. Nihad Quluzadə (55 kq) və Ülvü Qənizadə (72 kq) bürünc medal qazandı. Federasiya rəhbərliyini, yığmanın məşqçilər korpusunu və idmançıların şəxsi məşqçilərini təbrik edirəm. Çox gözəl nəticələrdir. Ümumiyyətlə, bu il güləşçilərimiz dünya və Avropa çempionatlarında, Olimpiadada ölkəmizi layiqincə təmsil etdilər. Yeniyetmələrimiz tarixdə ilk dəfə komanda hesabında Avropa çempionu oldu. Gənclərdən ibarət millimiz qitədə 3-cü yeri tutdu. Eyni zamanda Kazanda ilk dəfə keçirilən MDB Oyunlarında komanda hesabında 3-cü olduq. Nəhayət, böyüklərin dünya çempionatında eyni nəticəyə imza atdıq. Bunların hamısı tarixi uğurlardır. Bunların hamısı federasiyaya yaxından kömək edən Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində həyata keçirilir. Bundan sonra da uğurlu nəticələr əldə etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Baş məşqçi Aleksandr Tarakanovun fikirləri isə belə olub:
“Medallar qazandıq. Nəticə pis deyil. Ancaq səhvlərimiz də oldu. Daha keyfiyyətli güləş sərgiləməliyik. Ancaq bu nəticələr gələcəyə nikbin baxmağa əsas verir. Heyətimizdə güləşçilərin orta yaş həddi 20 idi. Növbəti yarışlarda texniki və fiziki planda daha hazırlıqlı olacağımızı düşünürəm. Çünki yaxşı hazırlıq keçmək üçün rəhbərlik tərəfindən hər bir şərait yaradılıb”.
U-23 dünya çempionatında qızıl medal qazanan ilk yunan-Roma güləşçimiz kimi adına tarixə yazdıran Həsrət Cəfərov qələbəsini belə şərh edib:
“Şükür Allaha, Vətənə qızıl medalla döndük. Bu il bizim üçün uğurlu il oldu. Ancaq səhvlərimiz var və onların üzərində işləməklə daha böyük uğurlara imza ata bilərik. Yarışa qızıl medal qazanmaq üçün yollanmışdım. Şükür Allaha, buna da nail oldum”.