Azərbaycan daha bir “Formula-1” yarışını arxada qoydu.
Oxu.Az xəbər verir ki, bu, Azərbaycanın təşkilatçılığı ilə keçirilən dördüncü yarış idi. Ümumiləşdirərək, yarışa nəzər salaq.
Lyuk qəzası
İlk gün “Formula-1” çox söz-söhbətli keçdi. Sərbəst yürüş zamanı qəza keçirən “Uilyams” komandasının britaniyalı pilotu Corc Raslın bolidi kanalizasiya lyukuna ilişdi. Nəticədə bolidin ortası sıradan çıxdı və mühərrik avtomatik olaraq söndü. Pilot isə nə baş verdiyini anlamayaraq, boliddən düşdü.
Yarış isə öncəki illərdən fərqli olaraq, qəzasız ötüşdü. Təbii ki, “Reno”dan Daniel Rikkardonun “Toro Rosso”nun rusiyalı pilotu Daniil Kvyatın bolidinin qarşısını kəsərək hər iki komandanı geri salması faktını nəzərə almasaq. Daha təcrübəli Rikkardo bolidini geriyə çəkərkən Kvyatın bolidinə çırpması isə yarışın daha bir yaddaqalan məqamlarından oldu.

Bundan başqa, fransalı pilotlar – Pyer Qasli (“Red Bull”) və Romen Qrojan (“Haas”) bolidlərində yaranan nasazlıq səbəbindən yarışı başa vurmalı oldu.
Sıralama turunda qeydə alınan nəticədə isə heç bir dəyişiklik olmadı. Belə ki, “Mercedes” komandasının pilotu Valteri Bottas 51 dövrəlik, altı kilometrlik məsafənin yekununda bütün rəqiblərini qabaqladı. Finlandiyalı 1 saat 31 dəqiqə 52,942 saniyəlik göstərici ilə birinci oldu. Onun komanda yoldaşı Luis Hemilton ikinci yeri tutdu (+1,524 saniyə). “Ferrari”nin sürücüsü Sebastian Fetel isə üçüncü sırada finiş etdi (+11,739 saniyə).

Qeyd edək ki, Bakıda keçirilmiş əvvəlki Qran Prilərdə “Mercedes”dən Niko Rosberk (2016), “Red Bull Racing”dən Daniel Rikkardo (2017) və “Mercedes”dən Luis Hemilton (2018) qalib olub. Göründüyü kimi, hələ ki Azərbaycan daha çox Almaniya komandası üçün uğurlu trek rolunu oynayır.
Əyləncə öz yerində
Bu il Bakıya üç yox, iki xarici müğənni təşrif buyurdu. Bunlardan biri britaniyalı Cessi Cey oldu. O, son anda səhhəti pisləşmiş Sem Smiti əvəzlədi. Aprelin 28-də isə amerikalı Kardi B sevənlərini feyziyab etdi.
Səbuhi MUSAYEV