Hər kəsin öz fikri var. Biz həmişə təmiz tənqidi qəbul etmişik. Amma bəzi “Beydullayevlər” bizə qarşı anti-kampaniya aparır, anti-cəbhə yaradıblar.
Oxu.Az xəbər verir ki, bunu stadium.az saytına müsahibəsində “Bakı” klubunun prezidenti, eləcə də AFFA İcraiyyə Komitəsinin üzvü Hafiz Məmmədov son vaxtlar mətbuatda tənqid olunmasının səbəbləri ilə bağlı suala cavab verərkən deyib.
H.Məmmədov bildirib ki, o həmişə övladlarına deyir ki, ən yaxşı ölkədə yaşayırıq:
“Bu ölkənin bayrağı Fransada - Lansda dalğalananda mən bundan qürur duyuram. Bunları gedib orada görmək lazımdır. Avropa çempionatının bəzi oyunları “Lans”da keçiriləcək və Azərbaycanın bayrağı da orada dalğalanacaq. Fransa isə Azərbaycana dost ölkədir və bu dostluq daha da güclənməlidir. Fransada, İspaniyada gördüyümüz işlərə görə heç kim mənə təşəkkür etmir, hamısı Azərbaycana “çox sağol” deyir. “Lans” və “Atletiko”da bütün azarkeşlər deyir ki “Land of Fire Azerbaijan” onlara düşüb. Onlar “Azərbaycan” deyirlər də.
Buna paxıllıq etmək lazımdır, yoxsa sevinmək? Latın Amerikasının, demək olar hamısı ispan dillidir. İndi “Atletiko”ya görə onlar Azərbaycanı tanıyır. Pis etmişik? Hərənin bir fikri ola bilər. Mən Heydər Əliyevçiyəm. Əqidəsi düz olanların fikrinə hörmətlə yanaşıram. Mən belə əqidəsiz insanların tənqidinə fikir vermirəm, çünki bu, tənqid deyil. Onlar xalqın düşmənidir. Ölkə adına bu qədər iş görəsən, amma şər-böhtan atalar, olmaz axı.
Mən bir çox jurnalistlərin tənqidi fikirlərini oxuyuram, hörmətlə yanaşıram, düz olanını da qəbul edirəm. Bizim Avropa və dünyada işimizə qiymət verən xarici təşkilatlar var. Onlar da hamısı təsdiqləyir ki, bizim “Lans”a, “Atletiko”ya xərclədiyimiz pullarda çirkli nə isə yoxdur, öz pulumuzu xərcləyirik.
Heç kimin ixtiyarı çatmır ki, bizə nə isə desin. Mənim yerimə kim olsa, onları məhkəməyə verərdi, amma baş qoşmuram. Yazırlar ki, 20 cangüdənlə gəzirəm (gülür). Mənim cangüdənlərim yoxdur, yanımda olan insanlar ən yaxın dostlarımdır. Bir qədər ağır hərəkət edən insanam. Buna görə həmişə yanımda olurlar, mənə kömək edirlər. Demişəm ki, gəlsinlər filan şəhərlərə, görsünlər orada neçə nəfərlə gəzirəm.
Mən fransızları da bura dəvət etmişdim ki, gəlib inkişafı öz gözləri ilə görsünlər. Avroviziya öncəsi Fransa mətbuatında yazmışdılar ki, Bakıya getməyin, adamları öldürürlər. Mənim dostum olan fransız iş adamı isə Bakıdan onlara zəng vurmuşdu ki, səhər saat beşdir, bulvardayam. Heç kim də məni öldürmür. Çox əsəbiləşmişdi. O, gəlib buradakı vəziyyəti özü görmüşdü. O da Fransada olsaydı, yazılanları oxuyub elə düşünəcəkdi. Falkao kimi futbolçu Bakıdan gedəndə bildirdi ki, xanımını götürüb bura istirahətə gələcək.
Azərbaycan xalqı bircə günə Qarabağı geri qaytarar. Bu xalqın qeyrətli, vətənpərvər övladları saysızdır. Heç kim istəməz ki, ana və bacılar gözü yaşlı qalsın, ata və qardaşlar şəhid olsun. Amma böyük oyunlar var. Bəzi böyük dövlətlər buna imkan vermir. İndi bu ölkələrlə yaxın münasibət qurmaq lazımdır. Bunlar da bir günə, bir aya, bir ilə həll olunacaq işlər deyil. İndi o Xədicə, “Beydulla” gəlsin görüm, onların dədə-babası biz gördüyümüz işlərin hansını görüb? Gəlsinlər, desinlər hansısa azərbaycanlıya yaxşılıq ediblər? Tam səmimi deyirəm, məsləhət görürəm, sizlər də bunların yazdığına fikir verməyəsiz. Fransada oxucu yazılan milyon yaxşı məqama yox, bir neqativ hala diqqət yetirir.
Mən heç kimə ev, mülkiyyət göstərməmişəm. Əl yumaq üçün yer istəyir, onlara yolu göstərirəm, amma məni arxadan gizli kamera ilə çəkirlər. Kim nə qazanırsa, bunu daxildə də, xaricdə də yoxlayırlar. İndi biz xaricdə çox rahat şəkildə fəaliyyət göstəririk. Çünki çirkli işlə məşğul deyilik. Bu şirkət nə etdiyini çox yaxşı bilir. Əgər onların futboldan çəkmək fikirləri olsaydı, həmin an yanımda olan “Atletiko”nun rəsmisi Emilyonu da çəkərdilər ki, İspaniya klubunun nümayəndəsi də buradadır. Emilyo “Atletiko” rəsmisidir və İspaniyada bir nömrəli marketinq adamıdır.
Məni elə göstərirlər ki, elə bil “Kurtlar Vadisi” çəkilir. Sonda isə deyir ki, bu adam atasının yox, ölkəsinin adını reklam edir. Ermənipərəst fransız bunu deyir, amma bəzi bizimkilər heç bunu da demirlər. Bilirdim ki, o çəkiliş belə olacaq və bilə-bilə buna razı oldum. Amma gizli çəkilişləri nəzərə almamışdım.
Zaman, vaxt hamı üçün önəmlidir. İnsan ən çox saata baxır. Mən fransalı jurnalistə pis nə isə yox, saat hədiyyə etdim. Bununla bir növ xalqımın qonaqpərvərliyini göstərmək istədim. Amma başqa yerə yozdular. Mən məgər bilmirəm ki, kamera önündə insan özünü necə aparmalıdır, içkini necə içməlidir?
Mənə dedilər ki, hələ çəkiliş yoxdur, sadəcə söhbət edirlər. Amma gizlincə çəkiblər hamısını. Orada əsas çəkilişdən heç nə vermirlər. Mən o çəkilişdə onlara çox yaxşı başa salmışdım ki, Azərbaycan necə ölkədir, erməni necədir. Yenə deyirəm, tənqidi qəbul edirəm, amma təhqiri yox”.