Ukraynanın “Obozrevatel” nəşri Atletlər kəndində Avropa Oyunlarının iştirakçıları üçün yaradılmış şəraitdən ətraflı danışıb.
“İdmançıların yaşayışı üçün ideal şərait yaradılmışdı, - Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir. – Avropa Oyunlarının əsas arenası olan Olimpiya stadionundan bir neçə metr aralıda Atletlər kəndi tikilmişdi.
Bu, mübaliğəsiz şəhər içində şəhərdir. Öz mağazaları, gözəllik salonları, kafe və restoranları, voleybol və basketbol meydançaları, bağlı hovuzu olan idman kompleksi və trenajor zalı, poçtu, Mədəniyyət və turizm mərkəzi və hətta kinoteatrı var idi. “Yerli” poliklinikada bütün gün ərzində 160 azərbaycanlı və xarici həkimlər işləyirdi.
İdmançılar asudə vaxtlarını ekskursiyalarda və ya yaxınlıqda yerləşən yeddi istirahət mərkəzindən birində keçirirdilər. Atletlər kəndinin yaşayış ərazisi 13 çoxmərtəbəli bina idi, bu binalarda təxminən 8 min adam yaşayırdı. Buna baxmayaraq müxtəlif milli və dini mənsubiyyətə malik olan idmançıların maraqları nəzərə alınmışdı.
Hətta namaz qılmaq üçün otaqlar belə ayrılmışdı. Yeri gəlmişkən yüzlərlə trenajorla təchiz edilmiş trenajor zallarında “gizli” otaqlar mövcud idi, burda məşqçilər öz idmançıları ilə hazırlıq sirrlərini vaxtından əvvəl büruzə verməmək üçün təklikdə söhbət apara bilərdilər.
İdmançılar üçün qidalanma məsələsi ayrıca məsələdir. 24 saat işləyən yeməkxanada balıq, ət, meyvə, tərəvəz və çərəz, şirə və energetik içkilərin geniş çeşidləri təqdim edilirdi. Ümumilikdə ən sərt pəhrizdə olan idmançı belə ürəyi istəyən yeməyi tapırdı.
Bakıda yerləşən Atletlər kəndinin ümumi sahəsi 382 min kvadrat metrdir. Hərəkətin rahatlığı üçün “sakinlərə” velosipedli veloparklar, elektrokarlar təqdim edilmişdi.
Bütün yollar Bayraq meydanından keçirdi, burada nəhəng ekranda yarışların yayımı gedirdi. Hər yerdə ideal təmizliyə riayət edilirdi – klininq-personal və könüllülər fasiləsiz çalışırdı, hər addımbaşı zibil qabları var idi.
Bütün bunlar - qapalı obyekt yalnız idmançılar, məşqçilər, idman heyətlərinin rəsmi üzvləri üçün idi. Hər dəfə girişdə “beycik” skayner edilirdi, metal çərçivə, yoxlama, polis və könüllülər var idi.
Hətta polisləri bəzən öz yüksək statusları ilə “qorxutmağa” çalışanlar olsa da işə yaramırdı. İdmançıların təhlükəsizliyi hər şeydən üstün idi. Bununla əlaqədar təşkilatçılar ukraynalıları və rusları, azərbaycanlıları və erməniləri müxtəlif tərəflərdə yerləşdirmişdilər.
Gələcəkdə Atletlər kəndini yaşayış rayonu kimi adaptasiya etməyi düşünürlər, bu, Bakının mövcud yaşayış massivlərinin xeyrinə inkişafın bir hissəsi olacaq”.
F.H.
www.oxu.az