Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 2026-cı il futbol üzrə dünya çempionatının karyerasındakı son mundial olacağını açıqlayıb.
Oxu.Az xəbər verir ki, futbolçunun sözlərini jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində paylaşıb.
"Bu mənim sonuncu dünya çempionatım olacaq (gülür). Sonda yaddaqalan insanlar olur. Bizi sevən, onlara xüsusi anlar yaşada bildiyimiz insanlar. Yanımızda çalışan insanları da görürəm. Bunlar möhtəşəm xatirələrdir.
Sadəcə hər anın dadını çıxarmaq lazımdır. Bəli, bu mənim sonuncu dünya çempionatım olacaq. Ondan həzz almaq lazımdır", - deyə Ronaldu bildirib.
Ulduz futbolçu ilə jurnalist arasında maraqlı dialoq da yaşanıb.
Kriştianu Ronaldu (mətbuat katibinə və zaldakı jurnalistlərdən birinə işarə edərək):
"İcazə verin, o, sual versin. Qabaqda oturan gənc oğlan. O məni sevmir. Sən, bəli, sən... Görək mənə yaxşı sual verə biləcəksənmi? Bilirəm ki, məni sevmirsən".
Marselo Bexler (jurnalist):
"Kriştianu, hər vaxtınız xeyir. Sizi çox sevirəm, sizinlə danışmaq mənim üçün xoşdur. Bilmək istərdim, 41 yaşında dünya çempionatında oynamağın ən çətin tərəfi nədir?"
Kriştianu Ronaldu:
"Ən çətin tərəfi? Sizinlə, bəzi jurnalistlərlə danışmaqdır. Xüsusilə də məni sevməyənlərlə. Sən də onlardan birisən, bunu bilirəm. Mən insanların simasını yadda saxlayıram. Bir dəfə görməyim kifayətdir, sonra heç vaxt unutmuram".
Qeyd edək ki, 41 yaşlı hücumçu UEFA Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və UEFA Millətlər Liqasının ikiqat qalibidir. O, milli komandalar tarixində, Avropa çempionatlarında, UEFA Çempionlar Liqasında və klublararası dünya çempionatlarında vurulan qolların sayına görə rekordçudur.
Ronaldu 2022-ci ilin dekabrından etibarən Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun formasını geyinir. Karyerası ərzində isə Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" klublarında çıxış edib.
Portuqaliyalı ulduz beş dəfə "Qızıl top" mükafatına layiq görülüb.