Polşalı hücumçu Robert Levandovski İspaniya çempionatının 6-cı turunda "Ovyedo" ilə keçirilən görüşdə (3:1) fərqlənib. Belə ki, o, "Barselona"nın heyətində 105-ci qolunu vuraraq klub tarixində əhəmiyyətli nailiyyətə imza atıb.
Oxu.Az xəbər verir ki, bu barədə tanınmış statistik "MisterChip" (Aleksis Martin-Tamayo) "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, təcrübəli forvard bu göstərici ilə komandanın sabiq ulduz futbolçusu Neymarın rekorduna çatıb.
Qeyd edək ki, Levandovski 2022-ci ildən "Barselona"nın formasını geyinir. Onun klubla müqaviləsi 2026-cı ilə qədər qüvvədədir. Hazırda futbolçunun transfer dəyəri 12 milyon avro məbləğində qiymətləndirilir.
Hans-Diter Flikin rəhbərliyi altında "Barselona" La Liqada 16 xalla ikinci pillədə qərarlaşıb. Komanda növbəti turda, sentyabrın 28-də "Real Sosyedad"ı qəbul edəcək.