BƏƏ-nin Fuceyrə şəhərində keçirilən taekvondo üzrə komandalararası dünya çempionatına yekun vurulub.
Oxu.Az xəbər verir ki, çempionatda təmsil olunan kişi komandamız yarımfinalda Rusiya millisi ilə qarşılaşıb.
Bərabər səviyyədə keçən qarşılaşmadan Rusiya komandası qalib ayrılaraq finala yüksəlib – 27:26.
Nəticədə Meksika (2015) və Azərbaycanda (2016) keçirilən komandalararası dünya çempionatında (keçmiş Dünya Kuboku) qalib olmuş millimiz bu yarışı bürünc medalla başa vurub. Bu, kişilərdən ibarət taekvondo millimizin bu turnirdə qazandığı ikinci bürünc medal olub. Komandamız 2009-cu ildə Bakıda keçirilmiş Dünya Kubokunda da III yeri tutub.
Finalda isə Rusiya və İran taekvondoçuları qarşılaşıb. Çempionatın qalibi şimal qonşularımıza 31:30 hesabı ilə qalib gəlmiş İran millisi olub. Qazaxıstan isə digər bürünc medalçı olub.
Qeyd edək ki, baş məşqçilər Rza Mehmandust, Elnur Amanov və böyük məşqçi Rəşad Əhmədovun rəhbərliyi ilə yarışda çıxış edən millimiz noyabrın 26-da vətənə dönəcək.




Səbuhi MUSAYEV
www.oxu.az