“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin püşkünün nəticələrini dəyərləndirib.
Oxu.Az-ın klubun saytına istinadən məlumatına görə, rəqiblərin güclü olduğunu bildirib:
“Təbii ki, püşkdə istənilən rəqiblə qarşılaşa biləcəyimizi gözləyirdik. Maraqlı qarşılaşmalar olacaq. “İnter”in dünya futbolunda mövqeyi bəllidir. Bunu müzakirə etməyə belə dəyməz. “Sent Etyen” Fransanın ən titullu komandasıdır. Cari mövsümə də olduqca yaxşı başlayıblar. “Dnepr” isə ötən mövsüm ən yaxşı dönəmini keçirib. Hazırda da çempionatda xal itirməyiblər. Bizim üçün yaxşı təcrübə olacaq”.
Baş məşqçi bildirib ki, “Qarabağ”ın keçirəcəyi qarşılaşmalar azarkeşlər və futbol ictimaiyyəti üçün yaddaqalan olacaq.