Ağdam təmsilçisi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya “Tvente”sinə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, baş məşqçi 1:1 hesabı ilə başa çatan qarşılaşmanı şərh edərkən komandası ilə fəxr etdiyini bildirib:
“İlk növbədə “Tvente”ni təbrik etmək istərdim. Yaxşı komandadır, güclü oyunçuları var. Müəyyən mənada biz beş il öncəki qisasımızı ala bildik. Amma biz bu haqda az düşünürdük. Sadəcə, növbəti mərhələyə adlamaq istəyirdik. Komandamla fəxr edirəm. Artıq növbəti oyunlarımız haqda düşünəcəyik”.
Qeyd edək ki, Ağdam təmsilçisi bu qələbə ilə Avroliqanın qrup mərhələsində oynayacaq ikinci Azərbaycan klubu olub.
Qol müəllifləri:
Lyuk Kastanyos (“Tvente”), 37-ci dəqiqə - Muarem Muarem (“Qarabağ”), 51-ci dəqiqə