Bu gün İran çempionatında 2014/2015 mövsümünə yekun vurulub. Məhz son turda çempion komandanın adı məlum olub.
Oxu.Az Qol.Az-a istinadən xəbər verir ki, son tura kimi lider olan Təbrizin “Traktorsazi” klubu öz meydanında “Naft Tehran”ı qəbul edib.
Azərbaycan klubu bu matçda qalib gələcəyi təqdirdə ilk dəfə İran çempionu olacaqdı. Ancaq Təbriz təmsilçisi buna nail ola bilməyib. Hesabda 3:1 hesabı ilə irəlidə olan “Traktorsazi” üstünlüyünü sona kimi qorumağı bacarmayıb. 64-cü dəqiqə azlıqda qalan komanda qalan dəqiqələrdə iki qol buraxıb. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Bu nəticə ilə xalını 58-ə yüksəldən “Traktorsazi” turniri ikinci pillədə başa vurub.
Son turda doğma meydanda “Saypa”ya 2:0 hesabı ilə qalib gələn “Sepahan” 59 xalla İran çempionu olub. “Naft Tehran” isə turniri üçüncü pillədə başa vurub.