“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə keçirəcəyi oyunun harada baş tutacağı bu gün bilinəcək.
Bu barədə Oxu.Az-a klubun idman direktoru Əmrah Çəlikəl deyib:
“Molde” hələ püşkatmadan öncə UEFA-ya hansı ölkələrə getmək istəmədiklərini və bu ölkələrdən qayıtdıqdan sonra 10 gün karantinə alınacaqlarını bildirib. Bu ölkələr arasında Azərbaycan da var.
Ona görə də “Molde” Bakıya gəlməkdən imtina edir. Biz UEFA ilə yazışırıq. Bu gün axşama kimi rəsmi qərar bilinəcək.
Bizim arqumentimiz odur ki, Norveç millisi bu ay UEFA Millətlər Liqasında sentyabrın 4-də Avstriya millisini qəbul edəcək. Sentyabrın 7-də isə Şimali İrlandiya ilə səfərdə qarşılaşacaqlar. Əgər Avstriya futbolçuları Norveçdə karantinə alınmırsa və Şimali İrlandiya səfərindən sonra norveçli futbolçular 10 günlük karantin keçməyəcəksə, həmin şərtləri burada da tətbiq etmək olar. Yəni “Molde” Bakıdan qayıtdıqdan sonra karantinə alınmaya da bilər”.
O, oyunun Norveçdə keçirilməyəcəyini də bildirib:
“Bu oyun Bakıda baş tutmazsa, Norveçdə keçirilməyəcək. Çünki belə olan halda, bizim futbolçular Norveçdə 10 günlük karantinə alınmalıdır. Böyük ehtimalla, oyun neytral meydanda baş tutacaq”.
Qeyd edək ki, Azərbaycan pandemiyaya görə Norveç üçün qırmızı zonada yerləşən ölkə sayılır. Daha əvvəl millimizin Almaniyada və İspaniyada oynayan futbolçuları – Dmitri Nəzərovla Eddi İsrafilov Azərbaycandan qayıtdıqdan sonra 10 gün karantinə alınacaqlarını bildirərək yığmamıza qoşulmaqdan imtina edib.
15:39
“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə keçirəcəyi oyunun baş tutması problemə çevrilib.
Artıq bu oyun UEFA-nın saytından çıxarılıb.
Qeyd edək ki, sentyabrın 16-da baş tutmalı oyun “Molde”nin narazılığına görə Bakıda baş tutmaya bilər. Norveç klubu səbəb kimi komandanın Azərbaycandan qayıtdıqdan sonra ölkələrində 10 günlük karantinə alınacağını bildirərək Bakıya gəlməkdən imtina edir.
Səbuhi Musayev