“Ötən il Azərbaycanda yaradılan “Azərifrog” MMC qurbağa əti istehsalı istiqamətində hazırda fəaliyyətini davam etdirir”.
Oxu.Az xəbər verir ki, bu haqda Modern.az-a Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.
F.Talıblı bildirib ki, qurum lazımi sənədlər üçün onlara müraciət edib: “Biz də onların istəyinə uyğun olaraq araşdırma apardıqdan sonra sənədləşmə işlərini həll etdik. Amma MMC-nin bu günədək nə qədər ixrac əməliyyatı icra etdiyi barədə məlumatımız yoxdur”.
“Azərifrog” MMC-nin rəhbəri Rauf Hüseynzadə açıqlamasında hələlik işlərin davam etdirildiyini bildirib:
“Hazırda qurbağa əti istehsalını davam etdiririk. İndiyə qədər əsasən, qurbağa ixracını Rusiya bazarına etmişik. Bu il isə Avropa ölkələrinə ixrac etməyi planlaşdırırıq”.
R.Hüseynzadə daha ətraflı məlumatı ixrac əməliyyatları gerçəkləşəndən sonra verəcəyini deyib.
Qeyd edək ki, “Azərifrog” MMC-nin rəhbəri R.Hüseynzadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunudur.
Fransanın Nantes şəhərində eyni adlı universitetin MBA üzrə magistraturasında təhsil alıb, Fransada yaşayır. Onun Azərbaycanda qurbağa istehsalına başlaması isə tam təsadüf nəticəsində baş verib.
R.Hüseynzadə restoranda yemək zamanı qurbağa əti ona maraqlı gəlib. Fransada qurbağa ətinin varlı insanların süfrəsində yer aldığını öyrənəndən sonra Azərbaycanda qurbağa istehsalına başlamağı qərara alıb.
Salyanda qurbağa ferması “Azərifrog” MMC tərəfindən 2015-ci ildə yaradılıb və 2016-ci ilin yayından fəaliyyətə başlayıb.
U.A.
www.oxu.az