Şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin icrasına başlanılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində regionlarda əhalinin 55%-i, Bakı şəhərində 78%-i fasiləsiz içməli su ilə təmin olunub. Bütün bu nailiyyətlərin əldə olunmasında su təsərrüfatı işçilərinin böyük xidmətləri var.
Oxu.Az xəbər verir ki, bunu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov su təsərrüfatı işçilərinin peşə bayramında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bölgələrin içməli su təchizatının təmin olunması məqsədi ilə Külüllü və Şirvan-Muğan qrup su kəməri layihələri həyata keçirilib.
Su təsərrüfatı sektorunda ötən 10 ilin ən böyük hadisəsi Oğuz-Qəbələ-Bakı magistral su kəmərinin tikilib istismara verilməsi olub. Bu kəmər paytaxtın su təminatında ciddi dönüş yaradıb.
Qeyd edək ki, su təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə “Azərsu”nun 19 əməkdaşı fəxri adlar və medallarla təltif olunub.
Gülnarə Zeynalova
www.oxu.az