"2024-cü ildən "Dövlət satınalmaları haqqında" yeni qanun qüvvədədir. Keçən müddət ərzində qanunun tətbiqi ilə bağlı icra prosesində çıxan problemlər üzrə tərəfimizdən 20-dən yuxarı istiqamətdə təklif təqdim edilib. 2025-ci ilin ilk doqquz ayı ərzində 7.4 milyard manat məbləğində 13 mindən çox satınalma həyata keçirilib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 1.2 milyard manat və ya 930 satınalma çoxdur".
Oxu.Az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Sədr bildirib ki, 2025-ci ilin ilk doqquz ayında keçirilən satınalmaların həm sayı, həm də məbləği yeni qanun qüvvəyə minənədək keçirilən satınalmaların, təxminən, illik göstəricisinə bərabərdir:
"Doqquz ayda 6 500-ə yaxın müsabiqəli satınalma keçirilib. Hesab edirik ki, yeni qanun və cari nəzarəti həyata keçirən orqanın statusu ilə bağlı dəyişiklik rəqabətli satınalma mədəniyyətinin formalaşmasına səbəb olub, büdcə vəsaitinə əlçatanlıqla bağlı imkanlar genişlənib.
2025-ci ilin ilk doqquz ayında müsabiqəəsaslı dövlət satınalmalarını həyata keçirən 1 000-dən çox təşkilatdan, təxminən, 60%-i satınalmalara ikinci rübdən, təxminən 30%-i isə 3-cü rübdən etibarən başlayıb. Qeyd edim ki, əvvəlki illə müqayisədə satınalmalara gec başlamış təşkilatların sayında azalma (təxminən, 20%) müşahidə edilir. Bunu müsbət məqam kimi qiymətləndirsək də, hesab edirik ki, bu göstəricinin daha da yaxşılaşma imkanları mövcuddur".
"Büdcənin icra faizinin optimallaşdırılması üçün büdcə prosesinin satınalma prosesi ilə əlaqələndirilməsinin artırılmasına ehtiyac var. Eyni zamanda, hesab edirik ki, satınalmaların vaxtında təşkil edilməsi üçün ilkin planın təsdiqindən sonra proseslərin tam həyata keçirilməsi bağlı qanunvericilikdə dəyişikliklər edilə bilər", - deyə sədr əlavə edib.
Mərahim Nəsib