Ekvador prezidenti Rafael Korrea neftin qiymətinin ucuzlaşmasını bəzi ölkələrin iqtisadiyyatına zərər vurmaq üçün geosiyasi vasitə adlandırıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bu fikri çərşənbə günü Kitoda jurnalistlərlə görüşdə bildirib.
Korrea hasilatı azaltmaq təklifi ilə OPEK təşkilatının iştirakçılarına bir neçə dəfə müraciət etdiyini, amma bu təşəbbüsün hər dəfə dəstəksiz qaldığını bildirib.
“Mən bunu deməkdən yoruldum. Qoy OPEK düzgün bildiyi kimi hərəkət etsin. Hasilatın bir qədər azaldılması qiymətin bir qədər artmasına səbəb ola bilər, axı bu nəyə görə edilməsin?”, - Ekvador lideri qeyd edib.
“Mən tamamən əminəm ki, neftin qiymətinin ucuzlaşması bəzi ölkələrin iqtisadiyyatına zərər vurmaq üçün geosiyasi vasitədir”, - dövlət başçısı əlavə edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 2,99% ucuzlaşaraq 27,9 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 6,61% ucuzlaşaraq 27,58 dollar təşkil edib.
www.oxu.az