Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayev dünən Aşqabadda tranzit qaz kəmərlərinin çəkilməsi üzrə müştərək layihənin realizə məsələlərini müzakirə ediblər.
Oxu.Az Novosti.az-a istinadən xəbər verir ki, bu haqda Türkmənistan başçısının mətbuat xidməti xəbər verib.
Məlumatda deyilir ki, SOCAR-ın rəhbəri enerjidaşıyıcılarının dünya bazarına çıxarmağa istiqamətlənmiş çoxvariantlı sistemin yaradılmasına və qaz idxalının diversifikasiyasında Türkmənistanın strategiyasını çox yüksək qiymətləndirib. Abdullayev iri resurs potensialı olan Türkmənistanla tammiqyaslı əməkdaşlığın yaradılması üçün rəhbərlik etdiyi şirkətin maraqlı olduğunu vurğuladı.
Berdımuhəmmədov qeyd edib ki, Türkmənistan hal-hazırda iri neft-qaz yataqlarının kəşfiyyatına və mənimsənilməsinə, eləcə də boru kəmər şəbəkəsinin yaradılmasına külli miqdarda vəsait yatırır. Dövlət başçısının fikrincə, bütün bunlar Türkmənistanın beynəlxalq qaz müqaviləsinə görə üzərinə götürdüyü cavabdehliklərin yerinə yetirilməsinə zəmanətdir.
Danışıqların digər detalları barədə məlumat verilməyib.
Avropa İttifaqı Rusiya qaz çatdırmalarından asılılığı aradan qaldırmaq üçün Xəzər dənizi regionunun resurslarına yol tapmaq istəyir və bunun üçün də Cənubi energetika dəhlizi layihəsini dəstəkləyir. Amma qazla zəngin olan Türkmənistanın bu layihəyə qoşulması üçün Türkmənistan və Azərbaycanı birləşdirən “Transxəzər” qaz kəmərini tikmək lazımdır.
Türkmənistan və Azərbaycan hesab edirlər ki, Xəzər dənizinin dibi ilə boru-kəmərinin çəkilməsi üçün, kəmərin ərazisindən keçəcək ölkələrin razılığı kifayətdir. Bu yanaşmaya yalnız Rusiya və İran qarşı çıxırlar. Onlar hesab edirlər ki, Xəzərin hüquqi statusuna dair məsələnin həlli, beş Xəzəryanı ölkənin hər birinin razılığı ilə realizə edilə bilər.