Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
Oxu.Az nazirliyin saytına istinadən xəbər verir ki, mayın 30-da saat 10 radələrində Səbail rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Rövşən Məmmədov idarə etdiyi “Porsche” markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsinə dönmək istəyən Səbail RPİ PPXB-nin əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmət zamanı idarə etdiyi “Fiat-Doblo” markalı avtomobilə vurub. Nəticədə E.Zeynallı hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib.
Səbail RPİ tərəfindən araşdırma aparılır.
30.05.2017 (13:20)
Bakıda polis əməkdaşlarının düşdüyü qəza ilə bağlı cinayət işi açılıb.
Oxu.Az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
12:41
Bakıda dəhşətli qəzada ölən polisin adı məlum olub.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, “Porsche Cayenne” markalı, 10 VV 155 dövlət qeydiyyat nişanlı avtomobillə vurulan 99 AP 658 nömrəli Polis Post Patrul Xidmətinə məxsus “Fiat Doblo”da ölən polis əməkdaşı 25 yaşlı Zeynallı Emil Adil oğlu olub.
Bildirilir ki, E.Zeynallı polis avtomobilini idarə edərkən “Porsche” yüksək sürətlə arxadan çırpılıb. Zərbənin gücündən o, avtomobilin ön şüşəsindən çıxaraq yolun hərəkət hissəsinə düşüb və hadisə yerindəcə keçinib.
Qəzadan sonra “Porsche”ni idarə edən şəxs xəstəxanaya aparılıb.
11:16
Bakıda polis avtomobili minik avtomobili ilə toqquşub.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, “SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.
Səbail Rayon Polis İdarəsinə məxsus “Fiat Doblo” markalı avtomobil “Porsche” markalı avtomaşınla toqquşub.
Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzanın görüntülərini Orxan Məmmədli adlı “Facebook” istifadəçisi öz səhifəsində paylaşıb.
E.Ə.