Azərbaycanın keçmiş xarici işlər naziri, Azərbaycan Respublikasının Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tofiq Zülfüqarovun avtomobili cərimə meydançasına aparılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Tofiq Zülfüqarov “Facebook” səhifəsində yazıb.
T.Zülfüqarov bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsinin hansısa generalına məxsus 10-AA-102 nömrəli avtomobilə yol vermədiyi əsas gətirilərək onun avtomobili DYP əməkdaşları tərəfindən saxlanılıb.
İçərisində ailəsi olan sabiq səfirə qaydaları pozduğunu bildiriblər və avtomobili cərimə meydançasına aparılıb.
Həmin dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-leytenantı Səhlab Bağırovun xidməti avtomobilidir.
Lent.az-a danışan general Səhlab Bağırov avtomobilin yol-hərəkət qaydalarını pozduğuna görə cərimə meydançasına aparıldığını deyib: “Sürücü yol hərəkəti qaydasını pozub, saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb”.
Qeyd edək ki, Zülfüqarov Tofiq Nadir oğlu Azərbaycanın keçmiş xarici işlər naziri (05.03.1998 – 26.10.1999), Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri (2005-2015) vəzifələrində çalışıb.
Nazirlikdə şöbə müdiri, idarə rəisi, nazir müavini və xarici işlər naziri işləyib. Fövqəladə və səlahiyyətli səfir ranqı verilib. Xarici İşlər Nazirliyində işlədiyi dövrdə, əsasən Qarabağ probleminin həlli ilə məşğul olub.
İ.N