Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Təhlükəli pəhrizlərin adları açıqlandı - Nutrisioloqdan xəbərdarlıq
"Arıqlamaq üçün istifadə edilən bəzi pəhrizlər orqanizm üçün təhlükəli ola bilər".
Bunu rusiyalı diyetoloq, nutrisioloq Mariya Makişa deyib.
Son illərdə arıqlamaq üçün ən populyar qidalanma sistemlərindən biri karbohidratların xaric edilməsinə əsaslanan ketogen pəhrizdir. Onun məqsədi bədəndə qlikogen çatışmazlığı yarandığı üçün aktiv yağ yandırmağa başlamaqdır. Bununla belə, diyetoloq hesab edir ki, ketogen pəhrizinin mənfi cəhətləri var.
"Cəmi 3-4 həftə belə pəhrizdən sonra pis xolesterinin səviyyəsi yüksəlir, ürək-damar xəstəlikləri və böyrəklərdə daş əmələ gəlməsi riski artır. Bağırsaqların işində problemlər başlayır. Bundan başqa, ketogen pəhrizə riayət edən insanlar ketoz prosesinin xüsusiyyətlərinə görə çox pis ağız qoxusundan əziyyət çəkirlər", - Makişa bildirib.
Onun sözlərinə görə, müasir tibbdə ketogen pəhriz artıq arıqlamaq üçün bir yanaşma hesab edilmir. Bununla yanaşı, diyetoloq qeyd edir ki, karbohidratların məhdudlaşdırılması insulin rezistentliyi olanlar və ya xərçəng xəstələri üçün vacibdir, lakin şəkərlərdən tamamilə imtina etmək olmaz.
Makişa həmçinin fasiləli aclığın effektivliyi haqqında da danışıb. Bu pəhrizdə insanlar adətən yalnız 8 saatlıq müddət ərzində yemək yeyirlər, qalan 16 saat isə ac qalırlar.
"Bu mövzuda heç bir inandırıcı elmi məlumat yoxdur. Ancaq artıq aydındır ki, biz nə vaxt yediyimizə görə yox, nə qədər yediyimizə görə arıqlayırıq!" - diyetoloq vurğulayıb.
Mütəxəssis əlavə edib ki, fasiləli aclıq zamanı gündəlik qəbul etdiyiniz kaloridən artıq yemək yeyirsinizsə, arıqlamayacaqsınız.
Bundan əlavə, Makişa mono-pəhrizlərdən - bütün gündəlik pəhrizin bir və ya iki məhsulla əvəz olunduğu bir sistemdən danışıb. Diyetoloq bu yanaşmanı köhnəlmiş və hətta qədim adlandırıb.
Mütəxəssis əlavə edib ki, mono-pəhriz zamanı təxminən bir aydan sonra orqanizmdə müxtəlif maddələrin çatışmazlığı yaranmağa başlayır. Onun sözlərinə görə, bu səbəbdən qidalanma balanslı olmalıdır. Bədənin normal işləməsi üçün vitaminlər və mikroelementlər vacibdir, mono-pəhriz isə əks effekt verir.
Mənbə: gazeta.ru