Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın “Milyonerlər məhəlləsi” kimi tanınan Nərimanov rayonu, Məmməd Araz küçəsində nəqliyyatın hərəkətində ciddi dəyişiklik edib.
Oxu.Az-ın məlumatına görə, küçədə yeni yol hərəkəti nişanları və küçə boyu iki müşahidə kamerası quraşdırılıb.
DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov baş verən dəyişikliyin səbəblərini Oxu.Az-a açıqlayıb. O, həmin küçədə son vaxtlar yol qəzalarının sayının artdığı və DYP rəhbərliyinin bundan narahat olduğu üçün bu addımı atdığını bildirib:
“Son zamanlar həmin küçədə qəzalar çox baş verir. Bu da sürət həddinin aşılması və sürücülərin dönmə əməliyyatının istədiyi yerdə aparmasından irəli gəlirdi. Yol polisi vəziyyəti nəzərə alaraq, Məmməd Araz küçəsində sürət həddini 50 km/saat-a endirib. Artıq həmin küçədə bununla bağlı nişanlar quraşdırılıb.
Bundan əlavə, küçə boyu daha iki yerdə kamera qoyulub ki, bu da sürət həddini aşanların və digər qayda pozanların aşkar edilməsi üçün nəzərdə tutulur. Küçədə, eyni zamanda qoşa xətt çəkilib. Bundan sonra sürücülər yalnız iki yerdən sağa-sola və geriyə dönə biləcəklər. Düşünürük ki, sürücülər bu qaydalara əməl edərsə, həmin küçədə qəzaların sayı xeyli azalacaq”.
Fotolar İsmayıl Nura məxsusdur.
Zülfiyyə Qurbanova