Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Aleksey Smirnov: Biz bu ssenarini xüsusi olaraq Bakı üçün yazmışdıq
Heydər Əliyev adına Sarayda bayram öncəsi gənc rusiyalı rejissor Aleksey Smirnovun ərsəyə gətirdiyi uşaqlar üçün interaktiv Yeni il tamaşası nümayiş etdiriləcək.
Oxu.Az-a müsahibəsində A.Smirnov “Yeni il əhvalatı”nın səhnəyə qoyulması, Bakı tamaşaçısı və rus dilinin Bakıdakı xüsusiyyətləri haqqında danışıb.
- Hal-hazırda Bakıda hansı tamaşa üzərində çalışırsınız? Bakı tamaşaçısını necə təəccübləndirəcəksiniz?
- Musiqili Yeni il tamaşası olan və hamının çox sevdiyi “Soyuq ürək”, “Su pərisi”, “Ələddin” və digər “Disney” cizgi filmlərinin əsasında qoyulan bir tamaşa üzərində çalışırıq. Bu “Disney” cizgi filmləri əsl hitlərdir: bəziləri ən yaxşı musiqi tərtibatına görə “Oskar” alıblar, bəziləri bu mükafatı almağa namizəd olublar. Bunlar musiqi mədəniyyətinin qızıl inciləridir.
Bundan əlavə, təbii ki, tamaşada Şaxta baba olacaq və o, ən çətin anda qəhrəmanların köməyinə çatacaq.
Bizim tamaşanın bir xüsusiyyəti də simfonik orkestr olacaq ki, bu da hətta Rusiya üçün Yeni il tamaşalarında nadir bir hadisədir. Biz orkestri tək musiqi tərtibatı kimi deyil, həm də vizual görüntü tərtibatının bir hissəsi edəcəyik.
Tamaşada gənc, lakin kifayət qədər tanınmış azərbaycanlı aktyorlar Nərmin Kərimbəyova, Aytən Orucəliyeva, Araz Hümbətli, Nicat Cəfərzadə və başqaları iştirak edəcək.
- Bəs yaradıcılıq baxımından şəxsən sizin üçün hansı yenilik olacaq?
- Bu tamaşanın fərqli cəhəti ondan ibarətdir ki, biz ssenarini xüsusi olaraq Bakı üçün, bu zal və bu tamaşaçı üçün yazmışıq. Ssenari mən və bir neçə digər müəllif tərəfindən Moskvada yazılıb. Müasir teatrda tamaşaçı ilə səhnə arasında qarşılıqlı əlaqənin rolu artır. Müasir uşaqlar interaktivliyi çox sevirlər, prosesin içərisində olmaq onların çox xoşuna gəlir.
Uşaqlar səhnədə baş verənlərə təsir etməkdən çox zövq alırlar. Hadisələrin bir hissəsinin tamaşaçılar zalında da baş verməsi onlar üçün vacibdir. Bakıdakı tamaşanın ssenarisi yazılarkən bütün bunlar nəzərə alınıb. Biz istəmirik ki, uşaqlar tamaşaya gəldikləri zaman valideynləri onlardan sakit oturmalarını və aktyorlara mane olmamağı xahiş etsinlər.
Cizgi filmləri – möcüzələrin baş verdiyi əhvalatlardır. Möcüzələr tamaşaçının ətrafında baş verdikdə və o, onlara təsir etmək imkanına malik olduqda bu tamaşaçının konkret tamaşaya və teatra münasibətini dəyişir.
- Tamaşa rus dilində olacaq?
- Bütün hekayə rus dilində nəql edilir, amma bəzən qəhrəmanlar Azərbaycan dilindən də istifadə edəcək. Tamaşanın ən parlaq səhnəciyi Ələddinlə bağlıdır. Burada Şərq musiqisindən də istifadə olunacaq.
- Azərbaycan teatr sənəti ilə nə dərəcədə tanışsınız?
- Artıq altıncı dəfədir ki, sizin gözəl şəhərə təşrif buyurmaq şərəfinə nail oluram. Bundan öncə bir neçə tamaşa səhnəyə qoymuşduq. İlk dəfə Mədəniyyət Nazirliyinin dəvəti ilə gəlmişdim. Biz Stanislavksi və Nemroviç-Dançenko teatrının tamaşasını Qara Qarayevin musiqi festivalına gətirmişdik. Sonra Fərəc Qarayevin “Zamanla üzbəüz” layihəsi olmuşdu.
Mən “instrumental teatr” adlanan eksperimental janrda musiqili konsert-tamaşasını səhnəyə qoydum. Bu, Avropa janrıdır və bu zaman bəstəkarın partiturası təkcə musiqili dərrakə predmeti deyil, həmçinin, teatral dərketmə predmetidir. Belə tamaşalarda musiqiçilər həm də aktyordurlar. Mənim tamaşamla Marinskiy teatrının Bakıya qastrolları da olub.
- Musiqili tamaşa ilə adi tamaşanın daha hansı fərqi var?
- Musiqili tamaşa tam olaraq musiqiyə tabedir. Mənim üçün çalışdığım obyekt mətn deyil, partituradır. “Yeni il əhvalatı”nın üzərində çalışarkən tamaşanın dirijoru Cavad Tağızadə ilə əvvəlcə partituranı hazırladıq, sonra musiqili nömrələrini bir-biri ilə əlaqələndirdik və artıq bu partituranın vasitəsilə mən aktyorlarla çalışıram. Hər şey musiqiyə tabedir.
Dram teatrının rejissoru isə mətnin üç saniyəsini 15 dəqiqəlik səhnə tamaşasına çevirə bilər. Musiqili teatrın rejissoru üçün vaxt musiqi əsnasında müəyyən edilir.
- Azərbaycanlı aktyorlarla çalışmaq xoşunuza gəlirmi?
- Azərbaycanlı musiqiçilər və aktyorlarla çalışmaq mənim üçün maraqlıdır. İlk olaraq, onların rus dili mükəmməldir. Demək olar ki, onların şivəsi yoxdur. Amma hiss olunur ki, Azərbaycan dilinin melodikası yerli rus dilinə də keçib. Bakının rus dilində ifadələrin sonunda yüksələn intonasiya müşahidə olunur. Moskvada isə bir az fərqli danışırlar: bizdə ifadənin sonu qırılır, kəsilir.
Musiqiçi baxımından bütün fərq bundan ibarətdir. Mən ssenarini yazarkən, bu yerli xüsusiyyətlər haqqında düşünmürdüm və indi çalışmaq daha maraqlıdır, çünki məşqlər əsnasında bəzi anları dəyişmək zərurəti yaranır. İmprovizasiya etmək və yeni çalarlar tapmaq həmişə gözəldir.
- Rusiyada azərbaycanlılarla çalışmısınızmı?
- Biz Cavad Tağızadə ilə Marinsskiy teatrının “Sakinsiz ada” tamaşasında birlikdə çalışmışıq. Bu müasir azərbaycanlı dirijorun Mariinka səhnəsində debütü idi. O zaman Heydər Əliyev Fondu böyük kömək göstərmişdi və bir ay sonra bu opera Bakıya da qastrol səfərinə gəlmişdi.
Haydnın “Sakinsiz ada” operası dünyada kifayət dərəcədə tanınmış bir operadır, lakin Rusiyada ilk dəfə idi ki, səhnəyə qoyulurdu. Bizim qastrollar mənim şəxsən bəyəndiyim “YARAT” musiqili festivalı çərçivəsində keçirilirdi.
- Azərbaycan tamaşaçısı haqqında nə deyə bilərsiniz?
- Azərbaycan tamaşaçısı çox hazırlıqlı olur və mədəni cəhətdən inkişaf edib. Sovet dövründə Bakı ziyalıları adlanan kütlə indiyə kimi mövcuddur: böyük nəsil öz həyat təcrübəsini gənc nəslə ötürüb və bu insanlar hazırda göz önündədirlər. Mənim Bakının yaradıcı mühitində çoxlu tanışım var və biz onlarla saatlarla incəsənət haqqından müzakirələr aparmışıq. Sizin izləyicilər üçün tamaşa hazırlamaq mənim üçün böyük zövqdür.
Namiq Həsənov
"Azərbaycan" teqi üzrə xəbərlər
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
Rəylər