"Nəriman Həsənzadə bütün yaradıcılığı boyu milli-mənəvi dəyərlərin yorulmaz tərənnümçüsü olub".
Oxu.Az xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib.
Nazir müavini qeyd edib ki, şairin poeziyası vətənpərvərlik və humanizm ideyalarına söykənib, ilk yaradıcılıq nümunələrindən etibarən oxucuların böyük rəğbətini qazanıb:
"Bu rəğbətin əsasında, sözsüz ki, səmimi məhəbbət və insan talelərinə həssas münasibət dayanır".
O vurğulayıb ki, Nəriman Həsənzadənin şeirləri, poemaları və dram əsərləri Azərbaycan ədəbiyyatının parlaq səhifələrini təşkil edir.
S.Yusifova qeyd edib ki, Xalq şairi uzun illər ölkənin ədəbi, mədəni və ictimai həyatında fəal iştirak edən nüfuzlu ziyalı kimi tanınıb:
"Şairin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı mühüm xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Mədəniyyət Nazirliyinin kollektivi adından mərhumun ailəsinə və yaxınlarına, həmçinin ölkəmizin ədəbi, mədəniyyət və ictimaiyyət nümayəndələrinə dərin hüznlə başsağlığı verirəm. Allah Nəriman Həsənzadəyə rəhmət eləsin, ruhu şad olsun!"
Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün səhər saatlarında vəfat edib.