19 oktyabrda İspaniyanın Santiaqo de Kompostela şəhərində “Womex-Dünya Musiqisi Exposu”nun açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun baş məsləhətçisi Nərgiz Abdullayeva və nazirliyin eksperti təmsil edir.
Bu barədə Oxu.Az-a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
“Expo”da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Türkiyənin “Vokaliz Orqanizasiyon Danişmanlık” şirkəti tərəfindən Azərbaycan musiqisinə və milli musiqi alətlərinə həsr olunan sərgi təşkil olunub.
Bu il “Expo” çərçivəsində Azərbaycan pavilyonu fərqli tərtibatla tamaşaçıların marağına səbəb olub. Gələn qonaqlara Azərbaycanın milli musiqisinin təbliği məqsədilə kitablar, CD disklər paylanılır, xüsusi hazırlanmış Azərbaycan loqosu ilə USB-lər və müxtəlif rəngli kəlağayılar hədiyyə olunur.
Sərgi zamanı Azərbaycan pavilyonunda qonaqlar üçün “Happy hour” adlı tədbir keçiriləcək. Tədbirdə Azərbaycan mətbəxinin təbliği məqsədilə paxlava, milli şərablar və s. təqdim edilir.
Bildirək ki, tədbir oktyabrın 24-dək davam edəcək.
A.S.
www.oxu.az