Məşhur heykəltəraş, Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov bu gün ömrünün 89-cu ilini qeyd edir.
Oxu.Az xəbər verir ki, Ö.Eldarov 1927-ci dekabrın 21-i Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini bitirdikdən sonra peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib.
1946-cı ildən etibarən Ömər Eldarov mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairlər Natəvanın, Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir.
Xurşidbanu Natəvanın heykəli (Bakı)

Vyanada Üzeyir Hacıbəyovun abidəsi

Yaradıcılıqla yanaşı, Ömər Eldarov həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958-1968-ci illərdə o, Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Bu illər ərzində məşhur heykəltəraş tərəfindən bir neçə nəsil istedadlı peşəkar rəssam yetişdirilib.
Ömər Eldarov 1969-1973-cü illərdə Bakı Sovetinin deputatı seçilib və burada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb. 1995-ci ildə isə Ömər Eldarov müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçilib. Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.
Ö.Eldarov SSRİ Dövlət mükafatı (1980), Azərbaycan SSR Dövlət mükafatı (1982), Azərbaycan SSR xalq rəssamı (1982), “Qırmızı Əmək Bayrağı” (1986), “Şərəf nişanı” (1959), “İstiqlal” ordeninə (1997) layiq görülüb.
16 aprel 2014-cü ildə “Birlik ulduzları - 2014” mükafatının laureatı olub.
18 aprel 2014-cü ildə akademik Ömər Eldarov Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adına mükafata layiq görülüb.
10 iyun 2015-ci ildə akademik Ömər Eldarov 2015 Avropa Oyunlarının məşəlini Heydər Əliyev Mərkəzinə gətirib.
Aytən Sadıqzadə
www.oxu.az