Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadidir.
:640.jpg)
- Cəmşid Xeyrabadi, İran və Azərbaycan! Öncə danışaq, tanıyaq sizi, daha sonra Azərbaycanla bağlı təəssüratlarınızı bizimlə bölüşərsiniz.
- Bəli, mən Azərbaycanda yaşayan iranlıyam, Tehranda anadan olmuşam, orda böyümüşəm. Beş qardaşım, iki bacım var, böyük ailə olmuşuq. Biz işdən sonra hamımız süfrənin başında olmalıydıq, ailəmizdə belə bir adət var idi. Düzdü, indi də elədir, amma iş-güc adamın başını qatır. Mən Azərbaycandayam, qardaşım başqa bir yerdə. Ona görə də hamımızın bir yerdə yığışmağı davamlı alınmır, ancaq tətillər, istirahət zamanı bir-birimizə vaxt ayırırıq.
- Ailədə sizdən başqa məşqçi, idman sahəsində olan varmı?
- Qardaşlarım da idmanla məşğuldu, amma məşqçi kimi güləşdə tək mənəm.
5 yaşımdan güləş aləmindəyəm, hal-hazırda 45 yaşım var. Çempionluq qazandığım yarışlar var, amma gənc yaşımda belim zədələndi, sonradan 22 yaşımda məşqçi kimi fəaliyyətə başladım.

- Hər kəsin sevdiyi bir ölkə, şəhər var, hansı ki, mədəniyyəti, musiqisi, insanları ilə insan özünü rahat hiss edir həmin şəhərdə. Bəs siz nə üçün Azərbaycanı seçdiniz? Bildiyimə görə bir neçə ölkənin federasiya rəhbərliyi sizinlə çalışmaq istədiyini söyləyib?
- Bəli, mənə həmin vaxt bir neçə ölkədən təklif gəldi. Danimarka, Amerika, Norveç və s., amma mən məvacibdən öncə güləşin necə inkişaf etməsinə diqqət elədim.
Həm də Azərbaycan mənə yad bir yer deyil. Mən ilk dəfə bura 2006-cı ildə gəlmişəm, deməli məni Federasiya rəhbərliyi dəvət elədi, həmin vaxt kadetlərin yarışı var idi. Sonradan təklif gələndə isə mənim İranda müqaviləm var idi, o bitəndən sonra dəyərləndirə bilərdim.
Daha sonra isə təklif gəldi və mən cadetlərdə məşqçi kimi başladım. Gəldim, baxdım hər şey normal oldu və davam etdim.
Tez-tez Bakıya gəlirdim, amma baş məşqçi kimi dəvət ediləndə Azərbaycanı seçməyimin bir neçə səbəbi var idi.
İlk olaraq Azərbaycan və İran bir-birindən çox fərqli bir ölkə deyil, mədəniyyəti oxşardı.
Bakı mənə çox uzaq deyil, şəhər kimi gözəl şəhərdi. İnsanları yaxşıdır. Ən əsası güləş idman növü burda hər gün bir az daha inkişaf edir. Bir də ki, ən əsası Federasiyaya olan diqqət çox önəmlidi. Azərbaycanda güləşə qiymət, dəyər verilir, bu, bir idman növü üçün əlverişli bir nöqtədir. Bax bütün bunları nəzərə alıb Azərbaycanı seçmişəm.

2012-ci ildə bura iki illik müqavilə ilə gəldim, daha sonra müqavilə müddətini artırdıq. Çünki əvvəl güləşin mənimlə birgə nə dərəcədə addımlayacağını görmək istədim.
Çox şükür ki, gözləntilərim bəhrəsini verdi.
- Əgər Türkiyədən təklif gəlsə necə?
- Türkiyədə də çox talantlı güləşçilər var, amma Azərbaycanla birgə olsaydı təbii ki, yenə Azərbaycanı seçərdim, yox əgər burda çalışmasaydım dediyim ölkələr arasında olsaydı Türkiyəni seçərdim.
- 2015-ci il, güclü bir komanda, ciddi məşqlər və yarışlar...
Bir çox yarışların qalibi oldunuz, ən əsası da Avropa Oyunlarından üzüağ çıxdınız!
- Güləşçilərimizin uğuru məni təbii ki, sevindirir. Biz komanda olaraq İranda keçirilən yarışda ilk kuboku qazandıq, arxasıyca Bakı 2015-də Avropa Oyunlarında göstərilən nəticələr öz sözünü dedi, amma bu o demək deyil ki, rahatlaşıb oturmalıyıq. İrəlidə bizi bir neçə yarışlar gözləyir, bu yaxında güləşçilərimiz Moskvaya yola düşəcək. Moskvaya isə iki məşqçimiz - Nürəddin və Akif müəllim gedəcək, idmançılarımızdan isə Emin Əhmədov, Şəhriyar Məmmədov, İslam Abbasov, Azad Əliyev, Rüstəm Əliyev, Kamran Məmmədov, Sabah Şəriəti gedəcək. Hər birinə uğurlar arzulayıram.
Ən önəmlisi 2016-cı ildə Rioda keçiriləcək Olimpiadaya güclü şəkildə hazırlaşmağımızdır. Biz proqramla çalışırıq, ciddi şəkildə məşqlərimiz davam edir.
- Qarşıda olacaq yarışlar və bu yarışlara hazır olan güləşçilərimiz kimlərdi?
- Yarışlarımız ilboyu davam edəcək.
Güləşçilərimizdən əksəriyyəti yaxşıdı, əsas rəqabət, əzm var.
Bunlardan Taleh Məmmədov, Rövşən Bayramov, Elman Muxtarov, Murad Məmmədov, Eldəniz Əzizli, Rəsul Çunayev, Azad Əliyev, Həsən Əliyev, Elvin Mürsəliyev, İslam Abbasov, Saman T. və bir çox uşaqların adlarını çəkmək olar.
- Qarşıda Rioda keçiriləcək böyük bir sınaq var, şansımız nə qədərdi?
- Şansımız böyükdü, ən azı 3 qızılımız ola bilər, amma bu yenə də hələ sınaqdı, bundan çox olmalıdır. Uzun müddət vaxtımız olacaq ki, biz yaxşı hazırlaşaq, ona görə də tam ciddi şəkildə hazırlaşmalıyıq.
- Əcnəbi idmançılardan kimi bəyənirsiz?
- Türklərdən Rza Kayaalpı, İrandan Suryan Həmid, Qasım Rzayi, ruslardan Vlasovun güləşini bəyənirəm.
- Məşqçi kimi hər zaman idmançılara qidalanmalarında diqqət edirsiz! Bəs özünüz yeməyinizə necə diqqət edirsiniz, xüsusi bir yemək rejiminiz varmı?
- Əlbəttə, idman aləmində olan şəxs mütləq fikir verməlidir.
Səhər daha çox bal, qoz, süd, banan yeyirəm, günaşırı düyü, axşam isə çox vaxt yemək yemirəm. Daha çox pendir, göyərti yeyirəm. Nəinki idmançılar, hər bir şəxs qidasına fikir verməlidir.
- Azərbaycan güləşi və üzümüzə gələn ildə gözləntilər?
- Azərbaycanda güləşin inkişafına görə iki insana təşəkkür düşür. İlk olaraq Namiq (müəllim) Əliyev və Fazil Məmmədova.
Fazil müəllim federasiyada olan nizam-intizama ciddi rəhbərlik edir, idarəçilik yüksək səviyyədədir.
Rəhbərlik çətindir, məsuliyyətlidir, amma o bunun öhdəsindən gəlir, özü məşqlərdə iştirak edir, yaxından tanış olur. İdarəçiliyini çox bəyənirəm. Bizə yaradılan şəraitə görə, ilk olaraq Fazil Məmmədova, Namiq Əliyevə və Əjdər Cəfərova təşəkkür edirəm, bu insanların güləşin inkişafında böyük rolları var.
Və ən önəmlisi ölkə başçısına, cənab İlham Əliyevə təşəkkürümü, minnətdarlığımı bildirirəm.
Bir ölkənin uğuru onun inkişafıdır.














:640.jpg)

Nərmin Kazimova
Foto Müslüm Mikayılov
www.oxu.az