Oxu.Az-ın suallarına t.e.d., professor, Sankt-Peterburq Dövlət Universitetinin Postsovet məkanında Beynəlxalq münasibətlər kafedrasının dosenti Niyazi Sabir oğlu Niyazov cavablandırır.
- ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişə zonasına son səfəri hər şeydən öncə vasitəçilərin cəbhə xəttində planlaşdırılmış monitorinqi keçirərkən atışmaya düşmələri ilə yadda qaldı. Necə düşünürsünüz, bu, vasitəçiləri fəallaşmağa təhrik edəcəkmi?
- Bəlkə də belə demək günahdır, amma əgər bu hadisə nəticəsində həmsədrlərdən biri ciddi xəsarət alsaydı, bu, ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin tənzimlənməsinə münasibətinin radikal dəyişməsinə və ya transformasiyasına gətirib çıxarmayacaqdı.
Dərk etmək lazımdır ki, həmsədrlər özü-özlüklərində həmsədr ölkələrin maraqlarını təmsil edən fiqurlardır, onların isə beynəlxalq arenada dünya siyasətinin digər problemləri üzrə mübarizəyə hazır olduqları, Qarabağ probleminə gəldikdə isə bir mövqedən – bu münaqişənin uzun müddət dondurulmuş qalmasına çalışdıqları göz qabağındadır.
Bu, bir sıra səbəblər üzündən baş verir, onların sırasında həmin ölkələrin siyasi meydanlarında ağalıq edən hərb və sülh məsələsinə nəzəri yanaşmalar və öz maraqlarını qorumaq, öz diplomatiya arsenalında iqtisadi və siyasi sahədə özünə lazım olan güzəştləri əldə etmək üçün rəsmi Bakıya təzyiq üçün alətin olması da yer alır.
Ona görə də bu hadisə həmsədrlərin fəaliyyətinə gözə çarpacaq təsiri göstərməyəcək.
- Bu səfərin daha bir fərqli cəhəti isə Dağlıq Qarabağın Azərbaycan icması ilə görüşdə həmsədrlərin passivlik və münaqişədə “kimin kim olduğunu” demək istəyinin olmamasına görə kəskin tənqidə tutulmaları oldu. Azərbaycan prezidentinin vasitəçilər ilə adətən çox qısa olan görüşü bu dəfə yetərincə mənalı olub və burada Ermənistanın danışıqlardakı mövqeyinə dair kəskin ifadələr də yer alıb.
- Hər şey Azərbaycanın ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə narazı olmasını deyil, eləcə də onun xidmətindən imtina edərək Qarabağ münaqişəsinin başqa həll yollarını axtarmağa başlamasını göstərir, işğal edilmiş ərazilərin azad edilməsində gücün tətbiqi də istisna edilmir.
- Azərbaycan tərəfinin diqqətini əsasən Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağı Ermənistan ərazisinə qatması çəkib, Bakıda bunu Azərbaycan ərazisinin bir hissəsinin işğalının qanuniləşdirməyin aşkar cəhdi hesab etdilər. Sizin fikrinizcə, bu yaxınlarda Ermənistanın Avrasiya İqtisadi İttifaqına Qarabağsız daxil olması barədə çıxışlar edərək, Ermənistanın Qarabağı öz torpaqları saymadığını bəyan edən, Sarkisyanın bu bəyanatı nə ilə motivasiya edilmişdi?
- Postsovet məkanında gözünüz önündə formalaşan mürəkkəb siyasi və iqtisadi vəziyyətdə ən böyük zərbə öz iqtisadiyyatını modernizə edə bilməyən və ümumilikdə bu planda Rusiyadan asılı olan respublikalara dəyir. Ermənistanın isə bu siyahıya başçılıq etdiyi sirr deyil.
Bununla yanaşı erməni icması uzun illər boyu öz bədbəxtliklərində öz hakimiyyətindən başqa hamını günahlandırırdı. Mövcud reallığın belə qəbul edilməsinin Ermənistan respublikasının vətəndaşları üçün adi hala çevrilməsinə görə, erməni siyasi elitası öz növbəsində inanılmaz səy göstərib.
Amma Ermənistanın getdikcə pisləşən sosial-iqtisadi problemləri, ölkə əhalisini ölkənin düşdüyü bu çətin vəziyyətə görə məsuliyyətin əsas hissəsinin Ermənistanın bugünkü hakimiyyətinin çiyinlərinə düşdüyü barədə düşünməyə vadar etdi. İrəvanda etiraz aksiyaları bunun ən bariz nümunəsidir.
Təəccüblü deyil ki, bu şəraitdə əsas rolun “Qarabağ klanı”nın yetirmələrinə məxsus olduğu Ermənistanın siyasi elitası erməni əhalisinin əsas hissəsini real problemlərdən yayındıraraq yenidən Qarabağ münaqişəsinin tənzimlənməsi problemini ortaya atır. Məqsəd isə erməni xalqını “parlaq keçmiş” uğrunda mübarizəyə sövq edərək, onu kədərli indiki zaman və dumanlı gələcək haqqında düşünməyə imkan verməmək idi.
- Bununla yanaşı həmsədrlər yekun bəyanatda Azərbaycan və Ermənistan rəhbərlərinin ilin sonuna qədər növbəti görüşü barədə razılıq haqqında məlumat verdilər. Bu görüş ilə əlaqədar optimistlik nümayiş etdirmək olarmı?
- Bizə elə gəlir ki, Qarabağ münaqişəsinin tənzimlənməsində hər hansı bir irəliləyişi istisna etmək olmaz, amma biz artıq Ermənistan və Azərbaycan arasında davam edən qarşıdurmanın Ermənistanın hakimiyyətdə olan elitasının öz hakimiyyətlərini fövqəl milli ideyaların yeridilməsi vasitəsilə saxlanıldığı faktını qeyd etmişik.
Bu insanların yeganə “nailiyyəti” Qarabağ müharibəsinin birinci mərhələsində Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalına sərmayəsi oldu, onun nəticəsində isə Ermənistan iqtisadi və siyasi planda regional autsayderə çevrildi.
Bir daha təkrar edim ki, onların əsas məqsədi öz ölkələrinin “parlaq keçmişidir”, gələcəyi yox. Bu isə o deməkdir ki, onlar münaqişənin tənzimlənməsi üçün real səy göstərməyəcəklər, bununla da ya yeni müharibəyə, ya da ki, öz ölkələrində iqtisadi kollapsa səbəb olacaqlar.
F.H.
www.oxu.az