Oxu.Az-ın suallarına AMEA-nın İnsan haqları üzrə institutunun elmi əməkdaşı, politoloq Moisey Bekker cavab verir.
- Rusiya Federasiyasının Suriyada terrorizm ilə mübarizəyə müdaxiləsi sizcə nə dərəcədə səmərəlidir?
- Tarix hava bombardmanı ilə müharibədə qalib gəlməyin mümkün olmadığını göstərdi. Hitler Almaniyası 1940-cı ilin avqust ayından 1941-ci ilin may ayına qədər Böyük Britaniyanı yalnız hərbi hava qüvvələri ilə məğlubiyyətə uğratmağa çalışdı. Amma yenə də ingilislər buna qarşı durdular. ABŞ və onun müttəfiqləri bir ildən artıqdır ki, İŞİD və Cəbhət əl Nüsrənin mövqelərini bombardman edirlər – nəticə sıfır.
Doğrudur, Rusiya hərbi-kosmik qüvvələri prezident Bəşər Əsədə sədaqətli olan orduya, “Hizbullah” dəstələrinə və İslam inqilabının keşikçiləri Korpusunun İran hissələrinə güvənirlər, amma nəticələr hələlik ürəkaçan deyil. Birincisi burada tam cəbhə yoxdur, mobil, demək olar ki, partizan dəstələri ilə mübarizə aparmaq yetərincə çətindir.
İkincisi, terroristlərin resursları tükənməkdən uzaqdır, Rusiyanın münaqişəyə müdaxiləsi isə onların müvazinət və hətta birləşmək əzmini gücləndirdi. Rusiyanın HKQ-nın (Hava kosmik qüvvələri) müdaxiləsindən bir ay sonra biz yalnız Dəməşqə sadiq qüvvələrin ayrı-ayrı qələbələrinin şahidi oluruq. Zaman göstərəcək. Suriyada hal-hazırda müxtəlif regional və dünya dövlətlərinin təzadlarından ibarət güclü yumaq yığılır. Ümid edək ki, bu daha böyük münaqişəyə gətirib çıxarmayacaq.
- “İslam Dövləti”nin (İŞİD) terrorçuları öz nüfuzlarının coğrafiyasını sürətlə genişləndirirlər. Hal-hazırda qruplaşma Əfqanıstanda getdikcə daha çox populyarlıq qazanır. Bu təşkilatın uğurunun səbəbi nədədir və nəyə görə insanlar bu qruplaşmanın sıralarına daxil olurlar?
- Doğrudur, İŞİD-in nüfuzu Əfqanıstanda genişlənməyə davam edir. Bir sıra KİV-də bu ölkənin 34 əyalətindən 26-nın “xilafətə” sədaqət andı içməsi barədə informasiya gedib, bu isə təbii ki, onun bütün siyasi-dini landşaftını dəyişir. Hətta “Taliban” hərəkatının bəzi iştirakçıları işlərin belə gedişatından narahatdırlar.
“İslam Dövləti”nin uğurlarına gəldikdə isə, onlar tamamən izah ediləndir. Öz dövründə xilafət nəhəng əraziləri birləşdirirdi, islam ümmətinin gücünün, onun dünyada elmi, texniki və hərbi üstünlüyünün rəmzi idi. Bundan başqa, müsəlmanların xatirəsində o, öz nüfuzunu sosial ədalət və “qızıl” əsrin rəmzi kimi qalıb.
Müasir dövrdə bir çox müsəlman ölkələri yoxsulluğun, haqsızlığın, rüşvətxorluq və texniki geriliyin caynaqlarından yaxa qurtara bilmirlər. Bütün bu amillər, dünya müsəlman icmasının keçmişdə olan nüfuzunu bərpa etməyi vəd edən “xəlifə” və onun tərəfdaşlarının fəaliyyətinin uğuruna vasitəçilik edir. Bu səbəbdən də gənclər “İslam Dövləti”nin sıralarına daxil olmağa hazırdırlar, onlar burada öz arzu və ümidlərinin doğrulacağını görürlər.
- İŞİD-in Əfqanıstanda nüfuzunun güclənməsi Mərkəzi Asiya üçün birbaşa təhlükə daşıyır, burada isə onsuz da islam fundamentalizminin müxtəlif təzahürləri güclüdür. “İslam Dövləti”nin bizim regionla qonşu olan Mərkəzi Asiyaya daxil olması nə dərəcədə təhlükəlidir və biz onun Azərbaycanda peyda olacağından narahat olmalıyıqmı?
- Zamanında dünya ictimaiyyəti A.Hitlerin qarşısını almadı, onu hərə öz marağında istifadə etməyə çalışırdı. Hal-hazırda Böyük Şərqin yenidən formatlaşdırılması və “şiə hilalının” zəifləməsi üçün İŞİD-i də lazımi axara yönləndirməyə çalışırlar.
Bu təşkilatın sıralarında minlərlə Mərkəzi Asiya respublikalarının vətəndaşları döyüşür, bu yaxınlarda isə Özbəkistanın İslam hərəkatının lideri Usman Qazi əl Bağdadiyə sədaqət andı içib. Bax, beləliklə də, bir güllə belə atmadan xəlifənin beşinci kolonnası meydana gəldi! Minlərlə təlim keçmiş, ideoloji motivasiya edilmiş İŞİD döyüşçüləri artıq bu gün Orta Asiya dövlətləri ərazisində hərəkət etməyə hazırdırlar, belə ki, xalq baş verən hadisələrdən yetərincə məlumatlıdır və yenidən əldə edilmiş azadlığın və müstəqilliyin dəyərini yaxşı bilir.
- İŞİD ideoloqları öz xilafətlərinin tərkibinə Azərbaycanı da daxil etmək istədiklərinə dair planı gizlətmirlər. Bu qəbildən olan təhlükəyə ölkəmiz nə dərəcədə hazırlıqlıdır?
- Əgər xilafətin “plan” xəritəsinə baxsaq o, əhalinin əsas hissəsinin induizmə mənsub olduğu Hindistanın, Çin Xalq Respublikasının əsas hissəsinin və katolik İspaniyası da daxil olmaqla nəhəng ərazini əhatə edir. Gördüyümüz kimi İŞİD ideoloqlarının Napaleon, Hitler və s. kimi nəhəng planları var. Onların sonu məncə hamıya məlumdur. Ona görə də bizim çəkinəcəyimiz heç nə yoxdur. Həm də bu təşkilatın bizim gənclərin düşüncəsinə təsiri sıfıra bərabərdir.
F.H.
www.oxu.az