Uzunmüddətli və ağır müalicə prosesindən sonra sağlamlığına qovuşaraq ölkəyə qayıdan tanınmış teleaparıcı Hacı Nuran Hüseynov yaşadığı çətinliklər barədə Ailem.az-a müsahibə verib.
Oxu.Az həmin müsahibəni ixtisarla təqdim edir:
- Xəstəliyinizin əlamətlərini əvvəllər hiss etmişdinizmi?
-Valideynlərim rəhmətə getdi. 4 il öncə atamı, sonra da anamı itirdim. Anamda beyin xərçəngi ortaya çıxdı. Xəstəliyin ilk mərhələlərində çox stress keçirdim. Ona baxırdım. Xəstəxanaya yerləşdirdik, sonra ev şəraitində müalicə etdik, daha sonra Türkiyəyə apardıq. Həkimlər dedilər, heç nə eləmək mümkün deyil. Çünki beynindəki şiş çox böyük idi. Və həmin 8 ay çox ağır keçdi. O müddətdə çalışırdım ki, Azərbaycanda olum. Amma Moskvaya çəkilişə gedəsi oldum.
Mən ordaykən anam rəhmətə getdi. Bu itki nəticəsində yaşadığım stress, digər tərəfdən işdə olan stress üst-üstə gəldi. Bir müddət sonra çəkiliş prosesində gördüm ki, özümü pis hiss edirəm. Moskvada “Vətənimdir Azərbaycan” verilişini çəkəndə temperatur -27 dərəcə idi.Və bunu ilk dəfə sizə deyirəm ki, orda olarkən gözlərim tutulmuşdu. Səhər oyandım və gözlərim görmürdü. Dərhal oradakı səfirliyimizə müraciət etdim. Həkim dəqiq bir söz demədi. Ya stressdən, ya da hava şəraiti ilə əlaqədardır, - dedi, - amma indi müalicə etməsək, görmə qabiliyyətini tamamilə itirə bilərsiniz.
Və mən orada qalası oldum. Təxminən, 1 ay müalicə aldım. Vətənə qayıtdıq. Yenidən çəkilişə gedəndə halsız olduğumu hiss etdim. Bu işlərdən az-çox başım çıxır. Odur ki, həkimə getməyi qərara aldım. Qan analizi verdim, amma orda təhlükəli heç nə görünmədi. Sonra ağ ciyərimi rentgenə saldırdım. Gördüm ki, qarpız şəklində böyük bir şiş var. Həkim dedi, bəlkə yenidən çəkək, səhv olub. Amma mən başa düşdüm ki, səhv deyil. Birinci elə bildim, vərəm olmuşam. Dispanserə getdim. Vərəm deyildi. Sonra bir neçə müayinədən də keçdim. Nəticə eyni idi – ağ ciyər xərçəngi.
Xərçəng elə bir xəstəlikdir ki, onun ağrısı olmur. Müəyyən vaxt heç nə hiss etmirsən.
- Gələcək planlarınız?
- 1-ci evlənmək lazımdı. Çoxdan istəyirəm. Namizəd yoxdur. Artıq 38 yaşım var. Dostlarımın hamısının uşaqları var. Nəsə gecikmişəm. Vaxtımı xeyriyyə işlərinə sərf etdim.
- Bəs yeni layihələr varmı?
- Var. Yenə də xəstələrlə bağlı veriliş etmək istəyirəm. Çünki məni hamı o şəkildə tanıyır. Uzun müddətdi, yoxam. İnsanların problemləri yığılıb. Mənə deyirlər ki, özün sağalmısan, bizə də kömək elə. Adam necə “yox” desin?! Amma köhnə formatda yox, biraz geniş istəyirəm. Çox əziyyətli idi. Böyük komanda olmadığına görə əziyyətin çoxu mənə düşəcək. Başqa kanallar da məni dəvət edir, amma mən Xəzər TV-nin işçisiyəm. Ona görə də orda işləmək istəyirəm.