Oxu.Az “Avtoqraf” jurnalının təsisçisi, tanınmış sahibkar Ramin Musayevlə müsahibəni təqdim edir:
- Siz “Avtoqraf” jurnalının təsisçisi, yetərincə tanınmış sahibkarsınız. Bu yolun başlanğıcından danışın. Nə arzu edirdiniz, nəyə nail olmaq istəyirdiniz?
- Uşaqlıqda hamı hansısa romantik peşələrin arzusunda olur, mən də istisna deyildim. Mən şəkil çəkməyi çox sevirdim, bir də bütün oğlanlar kimi maşınları çox sevirdim. Mən onların şəklini çəkirdim. O dövrdə avtomobillər haqqında “Za rulyom” (“Sükan arxasında”) adlı bir jurnal var idi. Mən o jurnalı birinci səhifədən axırıncı səhifəsinə qədər oxuyurdum və oradakı avtomobillərin şəklini çəkirdim.

Zamanla arzum formalaşdı. Mən avtomobil mühəndisi olmaq istəyirdim, o dövrdə “dizayner” sözü dəb deyildi.
Mən bütün dünyanı gəzmək, səyahət etmək istəyirdim.
Amma həyat elə gətirdi ki, mən iqtisadi təhsil aldım və bir müddət mühasibatçı, iqtisadçı kimi, sonra isə bankda işləməyə başladım.
Bir il Türkiyədə oxudum, bu mənə gələcək işimdə çox böyük kömək etdi. Bu dövrdə bankda işləmək mənə artıq maraqlı deyildi və mən şəxsi biznesimi qurmaq fikrinə düşdüm.
- Bu barədə bir qədər ətraflı, zəhmət olmasa.

- Bu, 1998-ci ildə olub. Mənim artıq bir çox şirkətlərdə, o cümlədən də konsaltinq şirkətlərində geniş əlaqələrim var idi. Şəxsi şirkətimi açdım, “Nar Holding” – həyat yoldaşım Nərminənin şərəfinə. Bu ada görə müxtəlif ehtimallar var idi, - “Narmina and Ramin”dən “Naxçıvan Muxtar Respublikası”na qədər (gülür).
Mən ölkəyə sərmayə cəlb etməklə məşğul idim, istehsalata ciddi yatırımlar cəlb etməyə çalışırdım. Bizim şirkət konsaltinq ilə məşğul idi. Biz şəxsi nəşriyyatımızı da yaratmışdıq – yeri gəlmişkən bunun o dövr üçün ən yaxşı olduğunu qeyd etmək istərdim. Bunun sayəsində biz nəşr fəaliyyətinə başladıq.

İlk dəfə “Avtoqraf” jurnalı işıq üzü gördü. Beləliklə, mənim avtomobillər haqqında uşaqlıq arzum yerinə yetdi. Düzdür, mən konstruktor, mühəndis və ya dizayner olmadım, amma bu jurnalın vasitəsilə mənim indiyə qədər avtomobillərə birbaşa aidiyyatım oldu. Belə ki, biz onları sınayırıq, çəkirik, sərgilərdə oluruq, onlar haqqında yazırıq. Jurnalın üslubu bütünlüklə mənim əl işimdir, mən hər bir detalı düşünmüşəm.

Eləcə də həyat yoldaşımla “Passaj” jurnalını təsis etdik, daha sonra mənim memarlıq və dizayn, yüksək texnologiyalara olan marağımın nəticəsi “Arkhitech” jurnalı işıq üzü gördü. Jurnal 2004-cü ildən 2011-ci ilə qədər dərc edilib.

“Avtoqraf” 2013-cü ildən onlayn rejimə keçib. Mən ümumiyyətlə, düşünürəm ki, çap məlumatlarının dövrü keçib. “Passaj” hələ də çap edilir, amma artıq sayt var və biz onun kontenti üzərində çalışırıq.
- Nəyə görə iqtisadçı, biznesmen jurnal buraxmaq ideyasına gəldi?
- İstənilən biznes kimi, bu da gəlir gətirir. Bundan başqa, ürəyin istəyən işlə məşğul olmaq lazımdır, yalnız bu zaman uğur qazanmaq olar. Bu, mənə maraqlı idi, biz Azərbaycanda bu qəbildən olan jurnal çap edən ilk insanlardan idik. Bir müddət sonra özüm də yazmağa başladım, çox şey öyrənməli oldum, çünki filoloq deyildim. Zamanla bu iş elə xoşuma gəldi ki, özümü bu işə həsr etmək istədim. Baxmayaraq ki, mən digər bizneslə də məşğul olmağa davam edirdim.

Bizi tez-tez digər ölkələrə, yeni avtomobillərin test-drayvına dəvət edirlər. Mən orada hələ satışa çıxmayan avtomobillərin sınağını keçirirəm, burada ən ucuz avtomobillərdən lüks avtomobillərə qədər olur. Mən belə səfərlərdən həzz alıram.
- Bizim ölkədə çoxları şəxsi biznesin aparılmasının çətin olmasından şikayətlənirlər. Bu barədə nə düşünürsünüz?
- Prinsipcə əsaslı biznes qurmaq hər yerdə çətindir. Yeni başlayan biznesmenlərin ən birinci və böyük səhvi öz qüvvələrinin və imkanlarının düzgün qiymətləndirilməsidir. Azərbaycan nə ABŞ, nə də Avropa deyil, burada tamamən başqa bazar mövcuddur, orada tətbiq olunan qaydalar burada sadəcə işləməyə bilər. Birincisi, bizdə yaxşı mütəxəssis çox azdır.

İkincisi, insanlar çox zaman öz işlərini açarkən, bu haqda heç bir anlayışları olmur, sadəcə uğur qazanan birinin ardınca gedirlər. Bu məsələyə dair elementar biliklərinin olmasını belə nəzərə almırlar. Azərbaycanda biznesə standart yanaşma – öz malını və ya xidmətini rəqibdə olan qiymətdən ucuz satmağa başlamaq. Bu, böyük axmaqlıqdır!
Üçüncüsü, insanlar yüzlərlə müxtəlif nüansları nəzərə almırlar, işin gedişatında yarana biləcək xərclər haqqında düşünmürlər.
Şəxsi işi açmazdan öncə insan biznes-plan qurmalıdır, ilkin xərcləri ödəyə biləcəyini, özünün və ya başqasının pulunu riskə atmağa hazır olduğunu hesablamalıdır.
Ümumiyyətlə, indi bizneslə məşğul olmaq çox mürəkkəbdir.
- Yəni siz hesab edirsiniz ki, bizim ölkədə biznes-iqlim getdikcə pisləşir?
- Yox, əksinə. Amma biznesi xaos zamanı qurmaq daha asandır – o zaman daha yaxşı pul qazanmaq lazımdır. Amma bizim ölkə hal-hazırda biznesin qanuniləşdirilməsi istiqamətində hərəkət edir. Məsələn, bəzi yerlərdə bank hesablarının xeyrinə nağd ödəmələrdən imtina ediblər, rüşvətxorluqla mübarizə aparılır.

Bunu kim isə istəyir ya yox, amma rüşvətxorluğun kökü kəsiləcək, bütün inkişaf etmiş ölkələr bundan keçib. 90-cı illərdə TACIS proqramı mövcud idi, bu proqram çərçivəsində mən bir fransız mütəxəssisi ilə görüşdüm. Biz ona iqtisadi vəziyyətimizi təsvir etdik, o, bütün bunlardan – həm rüşvətxorluqdan, həm fırıldaqçılardan da vaxtı ilə keçdiklərini dedi. Əslində rüşvətxorluq ümumilikdə hər yerdə var. Elə həmin Fransada da, ABŞ-da da, elə İngiltərədə də, sadəcə orada söhbət başqa rəqəmlərdən və başqa səviyyədən gedir.

Mən Türkiyə iqtisadiyyatının tarixini yaxşı bilirəm. İndi biz eynilə həmin yolu, 10 il geri qalmaqla keçirik. 90-cı illərdə Türkiyədə müxtəlif maliyyə fırıldaqları, xüsusilə də piramidalar barədə danışırdılar, onlarla biz bir neçə il sonra qarşılaşdıq.

Qeyri-sağlam rəqabət kimi məqam da var – yəni, bizdə kim isə biznesin hansısa seqmentində uğur qazandıqda, həmin dəqiqə onun uğurundan pul qazanmaq arzusunda olan tamamən səriştəsiz insanlar təkrarlamğa başlayırlar. Amma onların bu işdən anlayışları olmadığı üçün ona görə də gözəl başlanğıcı korlayırlar və özləri də heç nəyə nail olmurlar.
Yerli biznesmenlərin daha bir səhvi – onlar mütəxəssislərə pul ödəmək istəmirlər.
Rüşvətxorluğa gəldikdə isə insanların özləri də rüşvət verirlər, onlar bunu etməyə öyrəşiblər, düşünürlər ki, bunsuz heç nə alınmayacaq. Məsələn, sürücülük vəsiqəsinin alınmasını götürək. İnsanlar düşünür ki, sürücülük vəsiqəsini qanuni yol ilə almaq mümkün deyil, lakin onlar səhv edirlər! İstəyən öyrənir, imtahan verir və sürücülük vəsiqəsi alır.
İnsanlar oxumağa tənbəllik edirlər, onlar üçün pul ödəmək, maliyyə hesabını aparacaq yaxşı mütəxəssis və ya marketoloq, və ya PR menecer tutmaqdan daha asandır. Amma yaxşı mütəxəssisə yaxşı da pul vermək lazımdır, buna isə bəzi biznesmenlər hazır deyillər. Lisenziyalı proqram təminatında da qənaət edirlər, bu isə nəticədə gəlirlərdə öz acınacaqlı əksini tapır.
- Ədalət naminə demək lazımdır ki, yaxşı mütəxəssislərimiz o qədər də çox deyil...
- Bəli, bu belədir. Hər şeyin başında təhsil durur. İndi çox adam təhsil almağa xaricə yollanır, amma sizi əmin edirəm ki, əslində hamı orada yaxşı təhsil almır. Amma yüksək maaş tələb edirlər, əslində isə lazımi səriştəyə malik deyillər.
Hal-hazırda təhsil sahəsində çox müsbət proseslər gedir. Mən təhsil naziri Mikayıl Cabbarov ilə şəxsən tanışam və əminəm ki, nəticədə o təhsili lazımi səviyyəyə çatdıracaq. Mən gənclərlə çox zaman ünsiyyətdə oluram və fərqi görürəm. Bir çox tələbələrin oxumağa məcbur olduqları, rüşvət sisteminin isə tarixə qarışdığı deyilir.
- Naşir kimi siz daima jurnalistlərlə ünsiyyətdə olursunuz. Müasir Azərbaycan jurnalistikasının səviyyəsi barədə nə deyə bilərsiniz? Son zamanlar əməkdaşlarımın ünvanına həddən artıq çox tənqid səslənir.
- Bu bir qədər mürəkkəb sualdır. Mən özüm də bəzən yazıram, əsasən Facebook-da məni hətta bloger də adlandırırlar (gülür). Gün ərzində yerli xəbərləri oxuyuram və deyə bilərəm ki, jurnalistika elə də yaxşı səviyyədə deyil.
Yaxşı jurnalistlər var, amma onlar dəhşətli dərəcədə azdırlar, əsas kütlə isə heç nə öyrənmək, öz üzərində işləmək istəmir. Bəzən peşəkar tərəfindən yazılmadığı aşkar görünən, sifarişlə yazılmış tamamilə savadsız məqalələrin yerləşdirilməsi də nadir hal deyil.
Mən tez-tez mətbuat konfranslarında oluram və jurnalistlərin bəzən, orijinal olmayan, bəzən isə mövzu ilə heç bir əlaqəsi olmayan suallar verdiyinin şahidi oluram.
Əlbəttə, oxucuların tələbatını da nəzərə almaq lazımdır. “Fairmont” otelində çılpaq qızın fotosu məsələsi yadınızda? Onu birinci mən paylaşmışdım (gülür). Sonra ondan danışdılar, yazdılar, təkrar paylaşımlar etdilər...
Jurnalist oxucuları tərbiyələndirməlidir, amma işdə əksinə alınır. Bizim KİV bilirsiz hansı yol ilə gedir? Oxuculara istədiklərini verin. Bilirəm ki, reytinq lazımdır, amma digər tərəfdən, tamamilə buna uymaq olmaz. Yerli xəbərlərin başlıqlarına baxın! Kimi isə kəsiblər, kimini doğrayıblar, kimini də zorlayıblar... Bununla hər yerdə rastlaşırıq. Belə təəssürat yaranır ki, kontenti sadist və manyaklar seçir. Və oxucular, xüsusilə də gənclər, bu xəbərləri tədricən adi qəbul etməyə başlayırlar, nəticədə isə zorakılıq normaya çevrilir.

Problem həm də ondadır ki, bizdə praktiki olaraq mesenat yoxdur. 20-ci əsrin əvvəllərində məsələn, Azərbaycanda bir çox zəngin insanlar müxtəlif layihələri maliyyələşdirir, istedadlı gənclərin təhsil haqqını ödəyirdilər. İndi isə bu dəbdə deyil. Biz bunun yenidən dəbə düşməsi üçün çalışmalıyıq.
- Sizcə Azərbaycan mediasını necə bir gələcək gözləyir?
- Daha bir mürəkkəb sual. Bizim ölkədə ümumiyyətlə, nə isə proqnoz vermək çətindir. Deyirlər ki, Allahı güldürmək istəyirsənsə planlarından danış. Məsələ proqnozlarla da eyni cürdür. Ümumiyyətlə, 2013-cü ildə düşdüyüm qəzadan sonra uzaqgörən planlardan uzaq qaçmağa və proqnoz verməkdən qaçmağa çalışıram. Mən hər zaman deyirəm ki, mənim planlarım yalnız bu gün üçündür, maksimum sabaha, çünki mən daha Allahı güldürmək istəmirəm (gülür).
Bir tərəfdən bizim ölkədə qlobal proseslər gedir, dünya səviyyəli tədbirlər keçirilir. Bu, çox yaxşıdır, çünki ölkə inkişaf edir, bir sıra sturkturların inkişafına sərmayə yatırılır, yeni obyektlər tikilir. Əgər bizi əvvəllər xaricdə tanımırdılarsa, indi Azərbaycandan olduğunu dedikdə hansı ölkədən söhbət getdiyini anlayırlar.
Mətbuat bütün tədbirlərdə mühüm rol oynayır, axı media əslində beşinci hakimiyyətdir. Bütün dünyada mətbuata hörmətlə yanaşırlar. Mən tez-tez digər ölkələrdə oluram və jurnalistlərə necə hörmətlə yanaşıldığını görürəm, lüks otellərdə qalıram, bizə ən yaxşı avtomobilləri təqdim edirlər. Bu hörmət jurnalistlərin özlərini, dünyada baş verən hadisələrə təsir edə biləcək, real güc sahibi kimi göstərmələri ilə izah edilir.
Bizdə hələ ki, mətbuat çox zəifdir və jurnalistlərdən çox az bir qisminə real olaraq hörmətlə yanaşırlar. Hər şey isə səviyyənin olmaması, nadir istisnalar olmaqla işə peşəkarcasına yanaşmamadan asılıdır.
- Qəzadan sonra siz bir müddət əlil arabasında olmusuz. O zaman hansı çətinliklərlə üzləşməli oldunuz?
- Çox çətin idi. Mən əlil arabasında harasa yollananda, üzərimdə sanki – evdə otura bilmirsən? deyən nəzərləri tuturdum. Yeraltı keçidlərdə enişlər dəhşətli vəziyyətdədir, əlil onların öhdəsindən gələ bilmir. İndi vəziyyət fərqlidir – əlillər üçün yer olan yeni avtomobillər gətiriblər, London taksilərində də yerlər var, amma onlara qalxmaq çox çətindir. Əlillər bizdə əsasən evdə otururlar. Müsahibələrin birində mən bu səmanı evinin pəncərəsindən görən insanlar olduğunu söyləmişdim. Mən özüm bundan keçmişəm, elə bir an oldu ki, mən dörd divar arasında oturmağa dözə bilmədiymi anladım, məndə depressiya başladı.
Avropada, ABŞ-da əlillər fəal sosial həyat tərzi yaşayırlar – onlar teatra, muzeyə, kinoya, restoranlara gedirlər. Bizdə isə əlillər elementar həyat sevinclərindən məhrumdurlar.
Məncə bu məsələni daha fəal qaldırmaq, bu barədə daim yazmaq lazımdır ki, buna diqqət yetirsinlər və bu problemi həll etsinlər.
- Ayın 13-ü - cümə günü siz yeni saytda bloqunuzu işə salmısız. Niyə məhz bu gündə?
- Hər zaman 13 rəqəmindən qaçmışam, mənə elə gəlirdi ki, o bədbəxtlik gətirir. Amma 2013-cü il göstərdi ki, hər şeyə “stəkan yarıya qədər doludur” prinsipi ilə yanaşmaq lazımdır. İndi bu rəqəmdən qaçmıram, və hətta bu “qorxulu” gündə başlanğıc etmək istədim. Sayt yaratmağı çoxdan planlayırdım. Çünki Facebook-da əvvəlki paylaşımları tapmaq bir qədər çətindir.

Əməkdaşım Afət Bağırovanın bloquna baxdıqdan sonra mən WordPress saytına keçdim və asanlıqla bloq yaratdım. Köhnə paylaşımları bir neçə gün ərzində ora köçürməli, onlara illüstrasiya seçməli oldum. Pis alınmadı. Ünvan kimi isə hamının tanıdığı ramin-musayev.com. ad və soyadını seçdim. Axı dünyada ən məşhur brendlər təsisçinin adını daşıyır. Mən də bu yol ilə gedirəm (gülür).
Mən mülahizə və müşahidələrimi bölüşmək istəyirəm. Amma paylaşımlarımda bütün sarkazm və yumorumu göstərməyə çalışıram. Axı çətin günlərdə ömrü uzadan gülüşə ehtiyacımız olur. Şəbəkədə öz həyat tərzim var, realda isə həmişə belə olmuram, bəzən özümü ciddi göstərirəm. Söhbət işdən gedəndə mən ciddiyəm, belə isə zarafatcıl və şən olmağa çalışıram. Axı bunu hamı bəyənir, səmimi olmağa maraqlı hadisələr danışmağa çalışıram.
Sonda isə qısa bir lətifə danışmaq istərdim:
- Yumor hissi insanla heyvan arasında yeganə fərqdir.
- Bəs əgər insanın yumor hissi yoxdursa onda?
- Onda fərq də yoxdur.
- Maraqlı müsahibə üçün təşəkkür edirəm!
Aliyə İsmayılzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az